• Nazir: "Azərbaycan, İran, Türkiyə və Gürcüstan XİN başçılarının Bakı görüşü regional əməkdaşlığın inkişafına təkan verəcək"

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstanın müdafiə naziri Levan İzorianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-dən Karabakh Today-ə verilən məlumata görə, E.Məmmədyarov Azərbaycan və Gürcüstan arasında dostluq və strateji tərəfdaşlıq əlaqələrinin bütün sahələr üzrə yüksək səviyyədə inkişafından məmnunluq ifadə edib. 

İki ölkənin regional məsələlər üzrə baxışlarının üst-üstə düşdüyünü, beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəklədiyini bildirən XİN başçısı ölkələrimiz arasında iqtisadi, nəqliyyat və enerji sahələrində qarşılıqlı faydalı əməkdaşlığın mövcudluğunu və əhəmiyyətini diqqətə çatdırıb.

Nazir mart ayının 15-də Bakıda keçiriləcək Azərbaycan, İran, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin dördtərəfli görüşündən bəhs edərək, bu görüşün ölkələrimiz arasında regional əməkdaşlığın hərtərəfli inkişafına təkan verəcək yeni format olduğunu bildirib. 

Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən Levan İzoria Azərbaycan Prezidenti İlham Əliyev ilə çox maraqlı və faydalı görüş keçirdiyini bildirib. Strateji tərəfdaşlıq və dostluğumuzun regionun sabitliyi üçün mühüm əhəmiyyət kəsb etdiyini deyən nazir iki ölkə arasında müdafiə sahəsində çox geniş əlaqələrin və hərtərəfli fəaliyyət proqramının mövcudluğunu vurğulanıb.

Görüşdə Azərbaycan və Gürcüstan arasında müdəfiə və təhlükəsizlik sahəsində əməkdaşlığın regional sülh və sabitliyin təmin olunmasına, xüsusilə ölkələrimizin iştirakı ilə reallaşan iri-miqyaslı nəqliyyat və enerji layihələrinin mühafizəsinin effektiv şəkildə təşkil olunmasına xidmət etdiyi bildirilib.

Karabakh Today

09.03.2018 14:06
Bölmə Analitika