• Sarsılan Moskva-İrəvan münasibətləri Qarabağ münaqişəsi ilə bağlı yeni vəziyyət yaradır

Elxan Şahinoğlu: “Kiçik addımlarla münaqişənin həllini yaxınlaşdıra bilərik” Ramiyə Məmmədova: “Nikol Paşinyanın verdiyi bəyanatların böyük əksəriyyəti Rusiyanın siyasətinə qarşı yönəlib”

Məlumdur ki, Nikol Paşinyan rəhbərliyə gələndən sonra Ermənistan-Rusiya münasibətlərində soyuqluq yaranıb. Amma bu soyuqluq hələlik sözlərdə müşahidə edilir. Əməldə isə sanki hər iki ölkə bir-birinə qarşı gözləmə mövqeyindədir. 

Həmçinin Rusiya prezidenti Vladimir Putinin ölkəmizə səfərindən sonra fikirlər səslənir ki, Rusiya-Ermənistan münasibətlərində soyuqluq yarandığı dövrdə Azərbaycan-Rusiya münasibətləri intensiv inkişaf mərhələsini yaşamaqdadır. Hətta bu yaxınlıq Dağlıq Qarabağ probleminin həllini dalandan çıxara biləcək qədər önəmlidir. 
“Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyir: “Bəli, Rusiya hakimiyyətinin N.Paşinyandan müəyyən narazılığı var. Amma bu, o demək deyil ki, narazılıq Azərbaycana dəstəkdə özünü ifadə edəcək. İllər ərzində Azərbaycanla Rusiya arasında siyasi münasibətlər formalaşıb, iqtisadi-ticari əlaqələr yüksəlib. Hətta Rusiya-Azərbaycan ticari əlaqələri Rusiya-Ermənistan iqtisadi əlaqələrini dəfələrlə üstələyir. Ancaq bütün bunlar Rusiya hakimiyyətini Qarabağ münaqişəsinin ədalətli həllinə sövq etmir. 
Rusiyanın Ermənistana qarşı təzyiq və təhdidini müşahidə etmirik. Əksinə, Nikol Paşinyan sonuncu Rusiya səfərində erməni lobbisinin təmsilçiləri ilə görüşdə təxribatçı açıqlama verdi ki, Qarabağ Ermənistana birləşdirilməlidir. Bu, Robert Köçəryan, Serj Sarkisyanın mövqeyidir. Yəni, N.Paşinyan da onlar kimi Rusiyanın təzyiqini hiss etmədiyinə görə, Dağlıq Qarabağ ətrafındakı torpaqları boşaltmağa hazır deyil”.
Elxan Şahinoğlu əlavə etdi ki, indiki məqamda işğalçıya qarşı ancaq təzyiqi artırmalıyıq: “Hansısa dövlətin Qarabağ məsələsinə marağının artmasını gözləsək də, bir fayda verməyəcək. 30 ilə yaxındır gözləyirik, amma özünü doğrultmayıb. Yeganə yol hərbi qüdrətimizin artırılmasıdır. Hansı ki, indi o siyasət aparılır. Zaman-zaman 2016-cı ilin aprel döyüşləri kimi işağlçıya zərbələr endirməliyik. Kiçik addımlarla münaqişənin həllini yaxınlaşdıra bilərik”.
Digər politoloq Ramiyə Məmmədova bildirdi ki, Nikol Paşinyan hakimiyyətə gələndən sonra Rusiya-Ermənistan münasibətləri soyumağa başlayıb: “Düzdür, Nikol Paşinyanın verdiyi bəyanatların böyük əksəriyyəti Rusiyanın siyasətinə qarşı yönəlib. Amma əməllərində bu cür etmir. Yəni, ikili oyunlar oynayır. Buna baxmayaraq, Ermənistan-Rusiya münasibətləri əvvəlki kimi deyil. Belə bir anda da Vladamiri Putinin Bakıya səfəri ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir. 
Qafqazda Rusiya artıq Azərbaycanı balanslaşdırılmış siyasət yürüdən ölkə kimi qəbul edir. Yəni, Rusiya Qafqazda Azərbaycana daha çox diqqət yetirir. Lakin təəssüf ki, Putinin budəfəki Bakıya səfəri gözlənilən nəticə vermədi. Çünki Putindən Qarabağla bağlı fikirlər gözlənilirdi. Lakin Rusiya prezidentinin Azərbaycan səfəri iqtisadi formatla yekunlaşdı. Prezidentlərin təkbə-tək görüşlərinin nəticələri isə açıqlanmamış qaldı. Həmçinin prezidentlərin verdiyi bəyantlar ümumi xarakter daşıdı, heç bir siyasəyi bəyanatlar verilmədi. Amma Rusiya-Ermənistan münasibətləri nə qədər soyusa da, Rusiyanın Qarabağ məsələsində mövqe dəyişməyib. Qarabağ haqqında Putin bir kəlmə də danışmadı. Həmçinin Rusiyanın torpaqların qaytarılmasında maraqlı olmasını gözləmək əbəsdir.  Rusiya bu günə qədər münaqişənin həlli istiqmətində real addım atmayıb. Belə vəziyyət ona daha çox sərf edir. O baxımdan Azərbaycan problemini özü həll etməlidir”.(movqe)

Karabakh Today

02.10.2018 12:43
Bölmə Analitika