• Paşinyanın Bakı və Ankaraya Pekindən gülünc ittihamı - İrəvanın özünü aldanışı

Erməni baş nazir Şərqdən, onun xarici işlər naziri isə Qərbdən – Avropadan dünyaya yalanlar üyütməkdə davam edir; ermənilərin qorxduğu ən ağır sual: 30 ildəki məhrumiyyət və itkilər işğala dəyərdimi?..

Ermənistanın baş naziri Nikol Paşinyan dünən Çinə iki günlük işgüzar səfərə gedib. Gözlənildiyi kimi, erməni lider Pekindən böyük maliyyə dəstəyi, iqtisadiyyatı üçün sərmayə qopara bilməyib. Səfər real nəticə baxımından tam fiasko sayıla bilər.

Bu da təbiidir. Çünki Çin bölgədə işğalçılıq siyasəti aparan və o səbəbdən blokadada və böyük layihələrdən kənarda saxlanılan perspektivsiz bir ölkəyə, üstəlik, Rusiyanın forpostu olan ölkəyə çətin ki, iri sərmayə yatıra. Odur ki, Paşinyanın çarəsi qalıb Çindən boş-boş bəyanatlar verməyə, boşboğazlıq eləməyə.     

*****

“Ermənistan ayrıcı xətlərə, süni maneələrə və qapalı sərhədlərə qarşı çıxır”. Bunu dünən Paşinyan Pekində Asiya Sivilizasiyalarının Dialoqu konfransında çıxışı zamanı deyib. “XXI əsrdə bu anlayışlar absurddur, lakin bizim qonşularımız (oxu: Azərbaycan və Türkiyə - ”YM") ayırıcı xətlər, maneələr və qapalı sərhədlər saxlamağa davam edirlər. Bununla da təhlükəsizliyimiz üçün problemlər yaradırlar", - deyə o, ənənəvi erməni həyasızlığı ilə bəyan edib.

pashinyan china ile ilgili görsel sonucu

Niyə erməni həyasızlığı? Ona görə ki, qonşusunun 20% ərazisini işğal edən, digər qonşularına da açıq torpaq iddiası irəli sürən bir ölkənin elə həmin qonşulardan təhlükəsizlik qarantı istəməsi dünyanın ən böyük absurdu və riyakarlığıdır. Belə riyakarlığa qarşı qardaş Türkiyə də öz mövqeyini dəfələrlə, son dəfə Nikol Paşinyana aydın şəkildə bəyan edib: sərhədlərin açılması üçün İrəvan Azərbaycan torpaqlarının işğalına və saxta soyqırım iddiasına son qoymalıdır!

Bu, əslində şərt deyil, beynəlxalq hüququn, BMT Nizamnaməsinin istənilən işğalçı ölkəyə qarşı elementar tələbidir. Yəni Ermənistan adında psevdo-dövlət hamı tərəfindən qəbul olunmuş oyun qaydaları və birgəyaşayış prinsiplərini, bu prinsiplərin əks olunduğu beynəlxalq hüququ qəbul edir, ya yox? Üçüncü yol yoxdur. Ermənistan onu nə qədər axtarsa da tapmayacaq, beynəlxalq hüququn üstündən hoppana bilməyəcək.

*****

Məsələ də ondadır ki, Ermənistanın köhnə və indiki rəhbərləri heç cür qəbul etmək istəmirlər ki, bu cırtdan ölkənin illərdir blokada rejimində və “izqoy” durumda qalmasının, bütün böyük regional layihələrdən təcrid edilməsinin və ciddi xarici sərmayələrdən məhrum olmasının tək səbəbi Ermənistanın davam edən işğalçılıq siyasətidir, beynəlxalq hüquq normalarına, BMT TŞ-nin Qarabağa dair qətnamələrinə kobud sayğısızlığıdır.

Bu məqamı bir daha Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə erməni jurnalistləri ilə ayaqüstü söhbətdə qarşı tərəfə çatdırıb. Haqlı olaraq   onlara sual edib ki, Ermənistan Qarabağı işğal etməklə nə qazanıb?

Natiq Cəfərli ile ilgili görsel sonucu

“Əgər Ermənistan Rusiyanın oyununa gəlib işğalçı siyasətə başlamasaydı, bu gün neft-qaz kəmərləri Ermənistandan keçəcəkdi, onlar daha varlı, Rusiyanın altında olmayan dövlət olacaqdılar. Ermənilər işğalçılıq etməsəydilər, indi bütün Cənubi Qafqaz AB və NATO üzvü idi”. Bu sözləri Axar.az-a iqtisadçı Natiq Cəfərli deyib. 

“Ermənilər müvəqqəti olaraq Qarabağ və ətrafını işğal etdilər, əvəzində Bakıda, Sumqayıtda, Gəncədə yaşamaq hüququnu itirdilər. Əgər münaqişə olmasaydı, bu gün erməni əsilli Azərbaycan vətəndaşları BP-də, bank sektorunda, biznesdə ciddi vəzifələr tutub pul qazanırdılar. Bunları nəzərə alsaq, Elmar müəllim düz deyib. Bənzər sualı mən də 10 il əvvəl Parisdə Ermənistan rəsmilərinə vermişdim və öz axmaq işğalçı siyasətlərinə görə nələri itirdiklərini izah etmişdim”, - deyə o əlavə edib.

*****

Bu xüsusda digər bir azərbaycanlı iqtisadçının rəyi də maraq doğurur və düşmən tərəf üçün ibrətamiz sayıla bilər. Söhbət hazırda ABŞ-da pedaqoji fəaliyyətlə məşğul olan iqtisadçı alim Qubad İbadoğlunun “Şərq Tərəfdaşlıq” proqramının 10 illiyi münasibətilə Brüsseldə təşkil olunan görüşdə Ermənistanın xarici işlər naziri Z.Mnatsakanyana verdiyi cavabdan gedir. Musavat.com xəbər verir ki, Q.İbadoğlu bu haqda özünün facebook profilində yazıb.

Zöhrab Mnatsakanyan ile ilgili görsel sonucu

“Dünən (srağagün-red.) Avropa Birliyinin “Şərq Tərəfdaşlıq” proqramının 10 illiyi münasibətilə Çex Respublikasının Belçikadakı səfirliyinin təşəbbüsü ilə təşkil olunmuş paneldə ölkəsini mələk qismində təqdim edən, son dövrdəki uğurlarından bəhs edən Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın 10 dəqiqəlik çıxışına şərhim və ona verdiyim sual zaldakı olan çoxsaylı auditoriyanın fikirlərinin bir anda dəyişməsinə səbəb oldu. Şərhimdə Ermənistanda demokratiyanın dayanıqlı olmayacağını əsaslandırdım və bunu arqumentləşdirmək üçün orta təbəqənin olmadığını, azad iqtisadiyyatın qurulmadığını, regionda sülhün və əmin-amanlığın bərpa edilmədiyini göstərdim və nazirə sual ünvanladım ki, Ermənistan nə zaman işğal etdiyi torpaqlardan çıxacaq?

“Mən doğulduğum, boya başa çatdığım, uşaqlığımın, yeniyetmə dövrümün yaddaşında həkk olunan Füzuliyə getmək, atamın və qohumlarının qəbirlərini ziyarət etmək istəyirəm. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından qoşunlarını nə zaman geri çəkəcək” sualına cavab vermək istəyən xarici işlər naziri aciz görkəmə düşdü, cavabını əsaslandırmaq üçün 15 dəqiqədən çox danışdı, lakin istəyinə nail ola bilmədi, bir sözlə, nə qədər çalışdısa, yenə də Ermənistanın əynindən işğalçı “libasını” çıxara bilmədi", - deyə Q.İbadoğlu qeyd edib.

Odur ki, Paşinyan Şərqdən, onun xarici işlər naziri Mnatsakanyan isə Qərbdən dünyanın başını yalanlarla qatmaqdansa, öncə öz gözlərindəki tiri götürsələr, işğala son qoysalar, yaxşı olar. Ən birinci də elə ermənilərin özləri üçün...(MUSAVAT)

Karabakh Today

16.05.2019 15:42
Bölmə Analitika