• Cəbrayılsızlığın müdhiş 25 ili

Hə, əziz millətim! Məşəqqətli, zülmlü, məhrumiyyətli, hüznlü, müdhiş, eyni zamanda milli utanclı cəbrayılsızlığın 25 ili də tamam oldu. İnanılmaz dərəcədə geniş və arzuolunmaz səbrimiz şəraitində bu acınacaqlı ömrü yaşadıq. Yox, yox, hamımız yaşamadıq, doğmalarımızın, yaxınlarımızın, həmyerlilərimizin əksəriyyətini (!) bu cəbrayılsızlıq dərdi apardı. Onlar “Cəbrayıl, Cəbrayıl”, “Yurduma qayıtmamış ölmərəm!” deyə-deyə, ölüm ayağında olan zamansa əlacsızcasına “Ora qayıdanda mənim nəşimi aparıb doğmalarımın yanında dəfn eləyərsiniz” son yalvarışıyla dünyalarını dəyişiblər. İndi öz vətənlərində, amma qərib qəbirlərdə rahatsız uyumaqdadı onlar... Bizlər üçün bundan da ağır bir dərd ola bilərmi?! Ömürlərimizi kərənti kimi biçən də doğulduğumuz o torpağın işğalı dərdi deyildirmi?

Ermənilərin bizə qarşı apardığı ədalətsiz işğalçı müharibə zamanı cəbrayıllılar rayonumuzun müdafiəsinə qalxmışdı, düşmənə lazımi müqavimət göstərmiş, ona kifayət qədər ziyan vurmuşdu. Amma rusların düşmənlərimizə göstərdiyi aşkar dəstək müvəffəqiyyətsizliyimizlə nəticələndi: ata-baba torpaqlarımızın ilhaqı ilə bərabər mühribə üç yüz yetmişədək qəhrəman oğullarımızı əlimizdən aldı, yüzdən artıq həmyerlimiz əlil oldu, əsir və girov düşdü. Bunlra tab gətirib yaşamaq asandır bəyəm?

Ötən hüznlü ildönümlərin hər birində Cəbrayılın mənfur düşmən tərəfindən işğalı, bu işğal nəticəsində məruz qaldığımız ölçüyəgəlməz maddi-mənəvi itkilərimiz barəsində çox danışmış, eşitmiş, yazmışıq. Amma hər şeyi demişikmi? Bizə vurulmuş yaranın dəhşətini, dərinliyini, sağalmazlığını bütün sonsuz miqyasıyla dərk edib izhar eləyə bilmişikmi? Əsla! Bəyəm bunu eləmək mümkündürmü? Ucsuz-bucaqsız, nəhayətsiz bir şeyi necə əhatə etmək olar axı?!

Kimsə Cəbrayılda mövcud olan qəbiristanlıqların və neçə əsr ərzində orada dəfn olunmuş ata-babalrımızın, ana-nənələrimizin qəbirlərinin sayını bilirmi? Bizlərdən haqlı olaraq üz çevirmiş (25 il, yaxud 300-dən çox ay, və ya 9000-dən artıq gün əzizlərinin qəbirlərini ziyarət etməyən övladdan necə üz çevirməsinlər bu biçarələr axı?!) ulularımızın son mənzillərinin nə vəziyyətdə olduğunu bilirikmi? Tarixən vandal xislətli ermənilərin bu qəbirlərimizi nə günə qoyduqlarını təxmin eləmək elə də çətin deyil. Lap təxminimizdə yanılmış olsaydıq belə, təkcə məzarıstanlıqlarımızın, el-obamızın inanc və güvənc yeri olan Hacı Qaraman ocağı kimi müqəddəc yerlərimizin o iyrənc məxluqların tapdağı altında murdarlanması gerçəkliyi mənliyimizə, qeyrətimizə, ürəyimizə vurulmuş sağalmaz yaradır.

25 ildir biz bənzərsiz təbiətinə, təmiz havasına, saysız-hesabsız bulaq və kəhrizlərinin saf suyuna, məftunedici mənzərələrinə görə bir zamanlar “kiçik Coçi” adlandırılan Cəbrayıl kimi füsunkar bir yurdumuzdan məhrum olmuşuq. Bundan ağır, bundan dözülməz, bundan müdhiş bir şey tanıyırsınızmı?

Ermənistan-Azərbaycan münaqişəsinin bizə “bəxş elədiyi” və dözüləsi mümkün olmayan digər bir dərd də var: rayon əhalisinin respublika ərazisinə səpələnməsi və canlı ünsiyyətin qeyri mümkünlüyü səbəbindən ən yaxın qohumların, həmçinin rayon cfrinlərinin gənc nəslləri bir-birini əsla tanımırlar. Bu isə o deməkdir ki, yaxın 10-15 ildən sonra “cəbrayıll” anlayışı öz-özünə aradan çıxacaqdır. Dəhşət deyilmi?!

Amma erməni təcavüzü bizimçün bundan başqa da bir çox faciəvi fəsadlar gətirmişdir. Hətta rəsmi statistika da təsdiq edir ki, rayon əhalisi arasında ölüm sayı göstəriciləri işğaldan əvvəlki dövrlə müqayisədə dəfələrlə artmışdir. Fərqinə varırsınızmı bu nə dərəcədə dəhşətli bir faktdır? Nəzərə alsaq ki, dünyasını dəyişən həmyerlilərimizin əksər çoxluğunu Cəbrayılda doğulub boya-başa çatmış, bu məkanın əvəzolunmaz üstünlüklərinin şahidi olmuş insanlar təşkil edir, qarşıdakı yaxın bir neçə il ərzində bu qrupa mənsub adamların sayı minimuma enəcək, yaxud tam tükənəcək. Bunun yaradacağı neqativ mənzərə, zənnimcə, hər birinizə aydındır. Yeri gəlmişkən, bu, təkcə Cəbrayıla yox, həm də hazırda işğal altında olan digər ərazilərin əhalisinə aiddir. Əlavə sübuta ehtiyacı olmayan və təbii gerçəklikdir ki, Cəbrayıldan kənarda doğulmuş “cəbrayıllı” nəsldə o torpağa bağlılıq, ona qovuşmaq meyli, ələlxüsus, o torpağa görə canını qurban vermək istəyi hissləri qat-qat zəifləyəcəkdir. Bu şəritdə rus-erməni silahlı birləşmələrinin işğal etdikləri ərazilərimizin azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin olunması probleminin aqibəti necə olacaq? Müsbət nəsə ağlınıza gəlirmi? Nə qədər ağır olsa da, məni qınamayın, səmimi etiraf edirəm ki, mənim ağlıma gəlmir. Ötən 25 illik zamanın ictimai-siyasi ab-havası, bu kifayət qədər uzun vaxt ərzində Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesinin tam yararsızlığı, müasir dünyanın güc mərkəzi ölkələrinin məsələni haqq-ədalət prinsipi əsasında deyil, sırf öz mənafeləri müstəvisində həll etmək cəhdlərinin aşkar nümayişi təcrübəsi belə bir bədbin hissə əsas verir. Burda mühüm əhəmiyyət kəsb edən başqa amillər də mövcuddur, ancaq bunların açıqlanmasının cəmiyyətdə arzuolunmaz və ziyanlı fəsadlar yarada biləcəyi ehtimalını nəzərə alaraq onların üstündən keçməyi məqsədəmüvafiq hesab edirəm.

Qarabağın, onun ətrafındakı Ağdam, Füzuli, Cəbrayıl, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan rayonlarının erməni işğalı altında qalması bizim hər birimiz üçün cox ağır dərddir. Doğulduğum torpaq olduğu üçün demirəm, amma həqiqətən də Cəbrayıl təbiətinin əsrarəngizliyinə, əhalisinin saflığına, mərdliyinə, təmənnasızlığına, qonaqpərvərliyinə, biri-birinə qarşı mehribançılığına, xeyir-şər adət-ənənələrinə görə özünəməxsus və bənzərsiz bir rayondur...

25 il tarix baxımından çox böyük bir müddət olmasa da, bizlər üçün bu, çox uzun, üzücü, ağrılı zamandır. Bizim ötən bu dövrdəki həyatımıız (əgər buna həyat demək mümkünsə) bir-birindən ayrı düşmüş anayla onun balalarının iztirabla, həsrətlə, qüssə-kədərlə, nigarançılıqla, əndişəylə dolu zindan cəzası çəkilməsi kimi bir şeydi...

Bəs deyilmi? Bu boyda da səbr olar xalqda? Allah onu bizə çox görsün!..

Qədir Nəsirov   

 

 

23.08.2018 11:24


Müəllif Qədir Nəsirov


Mənbə Karabakh.Today