• Xalq artisti Məhluqə Sadıqovanın 100 illiyi dövlət səviyyəsində qeyd ediləcək

Prezident İlham Əliyev iyulun 19-da Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, respublikanın xalq artisti Məhluqə Ələsgər qızı Sadıqovanın 100 illiyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

Karabakh Today xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinə xalq artistinin 100 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb. Eyni zamanda, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
1917-ci il aprelin 28-də Şuşada dünyaya göz açan Məhluqə Sadıqova yarım əsrdən artıq dövr ərzində milli teatrın səhnəsində, eləcə də kinofilmlərdə çox sayda unudulmaz xarakterik obrazlar yaradıb, onların hər birinin özünəməxsus daxili aləmini bütün zənginliyi ilə canlandırıb. Sənətkarın bədii qiraət ustası kimi uzun illər aparıcısı olduğu geniş dinləyici auditoriyasına malik “Bulaq” verilişi Azərbaycan radiosunun qızıl fondunda yer alan qiymətli nümunələrdəndir. Aktrisa onlarla tamaşada yaddaqalan obrazlar qalereyası yaradıb. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 54 il fəaliyyət göstərən sənətkar 1992-ci ildən ömrünün sonunadək Bakı Bələdiyyə Teatrında çalışıb.
Məhluqə Sadıqova 2003-cü il avqustun 15-də Bakıda vəfat edib.
 
Ülviyyə Ədalətqızı
Karabakh Today

 

23.07.2017 11:32
Bölmə Mədəniyyət