• Babək Xürrəmi haqqında animasiya çarxı hazırlanıb

Azərbaycanın qəhrəmanlıq tarixində özünəməxsus yeri olan Babək Xürrəmiyə həsr edilmiş informasiya xarakterli animasiya çarxı hazırlanıb.
Animasiyada qəhrəmanın mübarizəsi 3D qrafikası vasitəsilə qısa təsvir edilir. Daha sonra onun "xürrəmilər”in başçısı Cavidanla ilk görüşü, Bəzz qalasına gəlişi, yadelli işğalçılara qarşı mübarizə hərəkatına rəhbərlik etməsi, xəlifənin sərkərdəsi Afşinlə görüşü nümayiş etdirilir.
 
Sonda Babəkin Bəzz qalasını tərk etdikdən sonra xəyanətə uğraması, yəni Səhl İbn Sumbat tərəfindən aldadılması və edam edilməsi səhnələri göstərilir.
 
Çarxın hazırlanmasında əsas məqsəd müasir texnologiyalardan istifadə etməklə tarixi qəhrəmanlarımızın animasiyalarını hazırlayıb yaymaq, gənclərə vətənpərvərlik hisslərini aşılamaqdır. Bu, Azərbaycanda tarixi şəxsiyyətlər barədə hazırlanan ilk 3D qrafikalı animasiya çarxıdır.
 
Animasiya çarxının ssenari müəllifi – rejissoru Elşən Rüstəmov, prodüseri Kamil Həmidov, montaj edəni Sənan Səfərovdur. Animasiyanın mətnini isə Kamal Yaşar səsləndirib.
 
Bu videoçarx Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə "Addım” Gənclərin İnkişaf Mərkəzi İctimai Birliyinin həyata keçirdiyi "Tarixi qəhrəmanlarımız” adlı layihə çərçivəsində hazırlanıb.
 
 
Karabakh Today

20.08.2018 14:33
Bölmə Mədəniyyət