• "Azdrama"da premyera: tamaşaçı nazir, fəxri adları səhv düşmüş aktyorlar

Akademik Milli Dram Teatrında “Sinif yoldaşları” tamaşasının premyerası keçirilib. “Report”un əməkdaşı tamaşadan reportaj hazırlayıb.

Rus yazıçı-dramaturqu Yuri Polyakovun eyniadlı pyesi əsasında hazırlanan tamaşanın müəllifi, quruluşçu rejissoru və rəssamı Akademik Milli Dram Teatrının bədii rəhbəri-direktoru Azər Paşa Nemətov, rejissoru Anar Sadıqovdur. Səhnə əsərində xalq artistləri Ramiz Novruz, Cəfər Namiq Kamal, Səidə Quliyeva, əməkdar artistlər Sənubər İsgəndərli, Şəlalə Şahvələdqızı, Rövşən Kərimduxt və başqa aktyorlar rol alıblar.

 

Bu tamaşa insanlara nə öyrədir?

Tamaşa illər sonra ad günü qeyd etmək üçün bir araya toplaşan sinif yoldaşlarının həyatlarından bəhs edir. Səhnə əsəri SSRİ dağılandan sonrakı dövrdə cərəyan edən hadisələrdən bəhs edir. Səhnə əsərinin baş qəhrəmanı İvan Kostromitin Əfqanıstan müharibəsi zamanı yaralanaraq iflic olan bir rus əsgəridir. Sinif yoldaşları iflic olmuş İvan Kostromitinə öz əməllərini etiraf edir, bir növ özləri ilə üzləşirlər. Tamaşa insanlara pulun hər şey olmadığını, sadiqliyi və sevgini aşılayır.

 

 

Keyfiyyətli tamaşa üçün sifariş gözləyən "Azdrama"

Uzun müddətdir ki, teatrlarda bu qədər keyfiyyətli hazırlanmış tamaşa görmək demək olar ki, mümkünsüz idi. Premyerada iştirak edən mədəniyyət naziri Əbülfəs Qarayevin tamaşanı sona qədər izlədi. "Azdrama"nın ölkənin ən böyük teatr olduğunu nəzərə alsaq, belə tamaşanın hazırlanması üçün nazirliyin sifarişini gözləməsi, yumşaq desək başadüşülən deyil. Əslində, dəstək bir qədər “gözümüz üstünüzdədir” təsiri bağışlayır. Maraqlıdır, tamaşaçı yenəmi, bu tip tamaşa üçün nazirliyin sifarişini gözləməlidir?

 

Fəxri adları səhv düşmüş aktyorlar: Cəfər Namiq Kamal və Sənubər İsgəndərli

“Qonaqlıq” tamaşasından sonra məni aktyorluğu ilə məyus edən xalq artisti Cəfər Namiq Kamaldan gözlədiyim xalq artistinə layiq performansı təəssüf ki, bu dəfə də görə bilmədim. Sanki özünəməxsus qırıq-qırıq danışmaq üsulunu hər tamaşada istifadə edir. Rola uyğun ingilis dilli bir rus obrazını isə heç yarada bilməmişdi.

Əməkdar artist Sənubər İsgəndərli isə əsl xalq artistinə layiq şəkildə rol ifa edirdi. Gözəlliyi ilə hər zaman diqqət çəkən aktrisanın ifası bir çox xalq artistlərini qısqandıracaq bir ifa idi.

 

 

Əyyaş şair

Rolu ilə ən çox yadda qalanlardan biri də xalq artisti Ramiz Novruz idi. Əyyaş bir şairi canlandıran xalq artisti yeri gəldi tamaşaçını güldürdü, bəzən isə dərin düşünməyə vadar etdi. Pulun insanın ağlını necə başından aldığını əməkdar artist Füzuli Hüseynovun simasından görmək mümkün idi. Əməkdar artist Şəlalə Şahvələdqızının canlandırdığı Olqa obrazı gözəllik müsabiqəsinin qalibidir. Həyatını müsabiqələrə və şan-şöhrətə qurban vermiş Olqanın mövzusu bu gündə aktualdır. Tanışlıqla gözəllik kraliçası seçilmiş və daha sonra əxlaqsız yola düşmüş gözəl Olqa bu gün artıq heç kimə lazım deyil. Rola uyğun seçilən aktrisa ancaq öz daxilində qəbul etdiyi peşmanlıq ilə insanları təsirləndirməyi yaxşı bacardı...

Karabakh Today

24.09.2018 13:03
Bölmə Mədəniyyət