• Qrız kəndində qədim Əbu Müslim məscidinin bərpası ilə bağlı nazirə müraciət olunub

Mədəniyyət naziri Əbülfəs Qarayev Qusar şəhərində Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonlarından olan sakinləri qəbul edib.

Heydər Əliyev Mərkəzində keçirilən qəbulda vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri səslənib.

Xaçmazdan qəbula gələnlər rayonda dekorativ-tətbiqi sənəti ilə bağlı muzeyin yaradılması, səyyar sənətkarlıq kurslarının təşkil olunması, işlə təmin olunma, milli vokal qrupunun yaradılması və digər məsələlərlə bağlı xahişlərini nazirə çatdırıblar.

Quba sakinləri tərəfindən rayon Mərkəzi kitabxanasında aparılmış əsaslı təmirə görə minnətdarlıq ifadə olunub, həmçinin gözdən əlillər üçün xüsusi proqram və kitabxanalara yeni kitabların verilməsi, Qrız kəndindəki VIII-X əsrlərə aid Əbu Müslim məscidinin bərpa olunması və tarixi abidə kimi qorunması, Mühüc və I Nügədi kəndlərindəki məscid binalarının təmiri, “Atəşgah” xalq folklor kollektivinin rəsmi statusunun bərpa edilməsi barədə müraciətlər edilib.

 

Qusardan qəbula yazılan vətəndaşların müraciətləri rayonun Uşaq incəsənət məktəbinə yeni musiqi alətlərinin verilməsi, Qusar Dövlət Rəsm Qalereyasının nəzdində satış köşkünün açılması, işlə təmin olunma barədə idi.

Siyəzən sakinləri rayon Mərkəzi kitabxanasının fonduna neft sənayesinə aid kitabların verilməsi, rəsm qalereyasının yaradılması və digər məsələlərlə bağlı xahişlərini bildiriblər.

Şabran sakinləri Tarix-diyarşünaslıq muzeyinin ekspozisiyasının yenidən qurulması, xalq kollektivlərinin xarici ölkələrə səfərinin təşkili ilə bağlı nazirə müraciət ediblər.

Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi barədə tapşırıqlar verilib.

Karabakh Today

25.09.2018 14:36
Bölmə Mədəniyyət