• Azərbaycan OPEC+ sazişi ilə bağlı öhdəliyinə əməl edib

Azərbaycan Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrlə əldə edilən neft hasilatının azaldılmasına dair Vyana sazişi üzrə öhdəliyini sentyabr ayında da yerinə yetirib.

Karabakh Today energetika nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan cari ilin sentyabr ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatları Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Həmin məlumatlara əsasən, bu ilin sentyabr ayında respublika üzrə gündəlik neft hasilatı 785,7 min barel olub. Bunun 733 min barelini xam neft, 52,7 min barelini kondensat təşkil edib. Gündəlik 627 min barel xam neft, 52,7 min barel kondensat, 19,3 min barel isə neft məhsulları ixrac edilib. 

Qeyd edək ki, Respublika üzrə gündəlik neft hasilatı yanvar ayı ərzində 793,9 min barel, fevralda 776,4 min barel, martda 733,3 min barel, apreldə 781,1 min barel, mayda 785,3 min barel, iyunda 793,7 min barel, iyulda 796,7 min barel, avqustda isə 734,8 min barel olub. Azərbaycan dəfələrlə saziş imzalanan vaxtdan indiyə qədər  iştirakçılar arasında öhdəliklərini fəal icra edən və liderlik göstərən ölkə kimi qiymətləndirilib.

Karabakh Today

03.10.2017 11:33
Bölmə İqtisadiyyat