• Azərbaycanda yerli istehsalın qorunması üçün idxal rüsumları artırılacaq

"Bu gün gömrük dərəcələrində pillələrin aşağı salınması məsələsinə baxılır". 

Bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib. 

Onun sözlərinə görə, hazırda mövcud olan beşpilləli sistem aradan qaldırılacaq: "Təbii ki, son qərarı hökumət verəcək. Həmçinin, yerli istehsal üçün tələb olunan xammalın idxal rüsumlarının azaldılması məsələsinə də baxılacaq. Ölkədə istehsal olunan məsulların idxal dərəcələrinin 10-15 dərəcəyə qaldırılması normal haldır. Biz bununla daxili istehsalı qorumağa çalışırıq". 

DGK sədri aksiz dərəcələrinin ölkədə qiymət artımına səbəb olacağı ilə bağlı yayılan məsələlərə də toxunub: "Burada aksiz dərəcəsinin böyük miqdarda artırılmasından söhbət getmir".

Bununla yanaşı, A.Əliyev qeyd edib ki, Azərbaycanın 2018-ci il dövlət büdcəsinin layihəsində gömrük daxilolmaları 2,430 mlrd. manat həcmində nəzərdə tutulur. Bu isə cari ilin analoji büdcə proqnozundan 180 mln. manat və ya 8% artıqdır.

Komitə sədri DGK xətti ilə toplanan cari daxilolmaların məbləğini də açıqlayıb: "Bu gün səhərə olan məlumata görə, Komitə tərəfindən 2,130 mlrd. manat vəsit toplayaraq büdcəyə köçürülüb. Gələn ilə nikbin baxırıq".

Karabakh Today

25.10.2017 12:08
Bölmə İqtisadiyyat