• Avey dağı ərazisində beynəlxalq arxeoloji ekspedisiyası arxeoloji tədqiqatlara başlayıb

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, Yaponiyanın Tokio Universiteti Muzeyi və “Avey” Dövlət Tarix Mədəniyyət Qoruğu arasında bağlanmış üçtərəfli beş illik beynəlxalq memoranduma əsasən iyul ayının 18-dən Avey dağı ərazisində Azərbaycan-Yaponiya Beynəlxalq arxeoloji ekspedisiyası arxeoloji tədqiqatlara başlayıb.

İnstitutdan Trend-ə verilən məlumata görə, Azərbaycan tərəfindən beynəlxalq ekspedisiyaya AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Azad Zeynalov, aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Mənsur Mənsurov, “Avey” Dövlət Tarix Mədəniyyət Qoruğunun müdiri Səadət Əliyeva, Yaponya tərəfindən Tokio Universiteti Muzeyinin rəhbəri, professor, doktor Yoşihiro Nişiaki (Yoshihiro Nishiaki) başçılıq edir:

"Hələ 2015-ci ildə Tokio Universitetində ingiliscə dərc edilən, Azərbaycan-Yaponiya arxeoloqlarının birgə apardıqları kəşfiyyat xarakterli tədqiqatların hesabatında göstərilmişdir ki, Cənubi Qafqazda ilk neolit (Yeni Daş dövrü, e.ə. 7-ci minillikdən e.ə. 6-cı minilliyədək) mədəniyyəti, əcnəbi mənşəli ərzaq istehsal edən iqtisadiyyata malik daha qədim yerli mezolit (Orta Daş dövrü, e.ə. 12 minillikdən e.ə. 8-ci minillik arası) icmaları tərəfindən yaradıldığı ehtimal vardır. Amma mezolit icmaların arxeoloji detalları və arxeoloji landşaftı hələki tam aydın deyil. Vaxtilə azərbaycanlı tədqiqatçılar regionda Damcılı və Daş Salahlı kimi mezolit obyektlərini aşkar etmişdilər ki, bu da dünya arxeoloqları arasında ciddi maraq doğurmuşdur".

Beynəlxalq ekspedisiyanın arxeoloji araşdırmaları iyulun 30-dək davam edəcək.

Karabakh Today

24.07.2017 12:40
Bölmə Tarix