• ERMƏNİLƏRİN AZIX MAĞARASI İLƏ BAĞLI UYDURMA İDDİALARI İFŞA EDİLİB

Amma düşmənlərə qarşı mübarizəmizi daha effektli davam etdirməliyik

Son illər Qarabağda, xüsusən Azıx mağarasında ermənilərin qanunsuz "tədqiqatlar” aparması bir daha bu paleolit düşərgəsinin geniş elmi ictimaiyyətə çatdırılmasının zəruri olduğunu göstərir. Bu barədə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib. Alim deyib ki, 1968-ci ildə arxeoloq Məmmədəli Hüseynov tərəfindən Azıx mağarasından Azıxantropun alt çənə sümüyünün qalığının aşkar olunmasından 50 il keçir.
 
Akademik bəyan edib ki, tədqiqatlar nəticəsində Azıxantropun 400 min il yaşı olduğu təsdiqlənib və elmi dövriyyəyə daxil edilən Quruçay mədəniyyəti elmdə özünün layiqli yerini tutub. Həbibbəyli Mingəçevir və Qəbələ rayonları ərazisindən son illər əldə edilmiş artefaktların Quruçay mədəniyyətinin yayılma arealının çox geniş olmasını təsdiqlədiyini və onun tədqiqinin müasir dövrdə də aktual olduğunu deyib.
 
Məlumat üçün deyək ki, ermənilər 2001-ci ildən başlayaraq, Azıx mağarasında genişmiqyaslı beynəlxalq tədqiqatlara start veriblər. 15 illik araşdırma və qazıntılar nəticəsində ermənilər "Azıx mağarası və Qafqaz dəhlizi” məcmuəsini hazırlayıb beynəlxalq elmi ictimaiyyətin diqqətinə çatdırıblar. Ermənilərin Azıxa marağı bu günün faktı deyil. Hələ ötən əsrin 60-70-ci illərində ermənilər həmin mövzunu mənimsəyib özəlləşdirmək istəyiblər.
 
Məsələ ilə bağlı "Şərq”ə danışan tarixçi-alim Dilavər Əzimli bildirib ki, ermənilərin torpaqlarımıza iddia etmələri üçün heç bir elmi əsas yoxdur. 
 
Alimin sözlərinə görə, görkəmli tarixçimiz Əsədulla Cəfərovun araşdırmalarında ermənilərin Azıx mağarası ilə bağlı bütün uydurma iddiaları ifşa edilib:
 
"Lakin ermənilər həyasızcasına təkrar-təkrar bu məsələnin üzərinə qayıdır, saxta dəlil və sübutlarla uydurma tarix yaratmağa cəhd edirlər. Amma dünya tarixşünaslığında ermənilərin iddiası birmənalı şəkildə qəbul olunmur. Bölgəmizə çox sonradan gəlmiş ermənilərin burada qədimdən yaşadıqlarına dair heç bir arxeoloji sübut tapılmır. Dünyanın tanınmış şərqşünasları, arxeoloqları birmənalı olaraq ermənilərin Qafqaza gəlmə olduqlarını ortaya qoyublar. Əslində ermənilər özləri bu reallığı çox gözəl dərk edirlər. Ancaq buna rəğmən əsassız iddialarını davam etdirirlər. Məmmədəli Hüseynov bizə dərs deyəndə ermənilərin sərsəm iddialarını gündəmə gətirir və çürüdürdü. Arxeoloqlar deyirdi ki, mağaranın divarlarını külək o qədər vurmuşdu ki, divarlar ovuq-ovuq olmuşdu, sanki arı şanına oxşayırdı. Ermənilər o zaman Moskvada çıxan "Priroda” jurnalında bir məqalə çap etdirdi və iddia etdilər ki, guya bu, ermənilərin "xüsusi” abidəsidir. Orda olan "buz heykəl” də guya erməni xanımıdır. Ermənilər mağarada xüsusi döyüşkən arılar saxladıqlarını iddia etdilər. Guya düşmən gələndə arılar onlara hücum çəkirlər. Əlbəttə, bunların hamısı ermənilərin uydurması idi. Hətta xaricilər gülərək deyirdilər ki, "sizin arılar gələnin düşmən və ya erməni olduğunu hardan bilirdilər?”. 
 
Tarixçi vurğulayıb ki, ermənilərin saxta fakt hazırlayıb nəyəsə iddia etməsi ilk deyil: "Vaxtı ilə düşmənlərimiz bizim Atabəylər dövlətinə məxsus sikkəmizin üzərindəki yazını tərsinə oxuyaraq erməni pulu olduğunu iddia edirdilər. Bəzi hallarda havadarları da erməniləri dəstəkləyirlər. Amma əksər durumlarda düşmən öz uydurma iddialarına görə dünyada biabır olurlar. Dünya ictimaiyyəti Qafqazı qədim türk yurdu kimi tanıyır.
 
 Buna rəğmən hesab edirəm ki, düşmənlərə qarşı mübarizəmizi daha effektli davam etdirməliyik. Alimlərimizin kitablarını xarici dillərə tərcümə edərək yaymalıyıq. Beynəlxalq konfranslar keçirməliyik. Ermənilər bunları çoxdan edirlər. Düşmənin xarici ölkələrdə yaşayan zəngin adamları bu işə böyük məbləğdə vəsait ayırırlar.
 
 Keçən dəfə bir varlı erməni Qarabağın yalan tarixini yazmaq üçün 20 milyon dollar pul ayırmışdı. Amma bizimkilərdən beş manat almaq olmur. Elə ağlayırlar ki, adam istəyir onlara pendir-çörək versin. Diasporamızın, səfirlərimizin üzərinə də böyük məsuliyyət düşür. Təəssüf ki, onların nə işlə məşğul olduğu bəlli deyil”.
 
Karabakh Today

24.01.2018 12:31
Bölmə Tarix