• Ermənilərin Xocalıda törətdikləri vəhşiliklər insanlığa yönəldilmiş ağır cinayətdir

Ermənilərin Xocalıda törətdikləri vəhşiliklər, qətliamlar xalqımıza qarşı əvvəlcədən planlaşdırılmış soyqırımı siyasəti olmaqla yanaşı, həm də bütün bəşəriyyətə, insanlığa yönəldilmiş ağır cinayətdir.

Bu fikirlər Yeni Azərbaycan Partiyası (YAP) Kəngərli rayon təşkilatının Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı keçirdiyi tədbirdə səsləndirilib. Tədbir iştirakçıları əvvəlcə 1992-ci ilin fevralında erməni silahlı birləşmələri tərəfindən həyata keçirilmiş Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

YAP Kəngərli rayon təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevda Quliyeva tədbirdə çıxış edərək bildirib ki, bəşər tarixinin ən amansız və qanlı hadisələrindən sayılan Xocalı soyqırımından 26 il ötür. Tarixin bütün dövrlərində xalqımıza qarşı xəyanətkar mövqedə duran, fürsət düşən kimi öz məkrli niyyətlərini həyata keçirən ermənilər XX əsrin sonlarında – Sovetlər Birliyi adlandırılan nəhəng imperiya süquta uğrayan dövrdə öz mənfur simalarını bir daha büruzə verdilər.

Sevda Quliyeva qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni quldurları imperiya qoşunlarının Xankəndidəki 366-cı motoatıcı alayının köməyi ilə gözlənilmədən hücuma keçib, Azərbaycanın ən qədim yaşayış məntəqələrindən sayılan Xocalını yerlə-yeksan ediblər. İnsanlığa sığmayan bu amansız soyqırımı hadisəsi, ağır cinayət aktı nəticəsində 613 nəfər günahsız soydaşımız xüsusi qəddarlıqla qətlə yetirilib, əliyalın, köməksiz insanlar ağır yaralanıb, itkin düşüblər.

“Yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Xocalıda törədilən cinayətlər barədə əsl həqiqətlər dünya ictimaiyyətinə çatdırılıb. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi 26 fevralı Xocalı Soyqırımı Günü kimi qəbul edib” - deyən Sevda Quliyeva bildirib ki, bu gün dahi şəxsiyyətin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həqiqətlərinin, o cümlədən Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl işlər görülür. Dövlətimizin başçısının 2014-cü il 13 fevral tarixli “Xocalıya ədalət!” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən bu tədbirlərin beynəlxalq səviyyədə daha da genişləndirilməsi qərara alınıb.

Tədbirdə YAP Kəngərli rayon təşkilatı Qabıllı kənd ərazi ilk partiya təşkilatının sədri Sona Cəfərova, partiyanın Kəngərli rayon təşkilatı Gənclər Birliyinin üzvü Ehtiram Mehbalı çıxış edərək XX əsrdə ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımı hadisələrindən danışıb, Xocalı faciəsindən bəhs ediblər.

Sonda məktəblilərin təqdimatında Xocalı faciəsinə həsr olunmuş şeirlər söylənilib, faciə ilə bağlı videoçarx nümayiş etdirilib.

Karabakh Today

24.02.2018 12:19
Bölmə Tarix