• Tarixin qan yaddaşı: - Xocalı soyqırımından 26 il ötdü

Bu gün qətliam qurbanları ilə bağlı Bakıda anım yürüşü keçiriləcək; dünyada “Xocalıya ədalət!” silsilə tədbirləri davam edir...

Bu gün Azərbaycanda Xocalı faciəsinin 26-cı ildönümü qeyd edilir. 1988-ci ildən başlamış Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən müdhiş, faciəli hadisələrdən biri Xocalıda baş vermiş soyqırım oldu.

1992-ci ilin qanlı faciəsinə kimi Xocalıda 7 min əhali yaşayırdı. 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etdilər. Şəhərin müdafiəçiləri və yerli əhali buranı tərk etməyə məcbur oldular. Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edildi. Bir gecənin içərisində qədim Xocalı yerlə yeksan edildi.

Xocalı faciəsi ile ilgili görsel sonucu

Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürüldü, 487 nəfər əlil  oldu, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qaldılar. 150 nəfərin taleyi isə hələ də məlum deyil. Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca olub. Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edildi, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideyinlərindən birini itirdi.

1994-cü il martın 1-dən 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” kimi hər il Azərbaycan  xalqı tərəfindən yad edilir. Xocalı şəhidləri isə heç zaman unudulmur. Hər il 26 fevralda olduğu kimi,  bu gün də Xocalı soyqırımının 26-ci ildönümü münasibətilə Bakıda yürüş keçiriləcək. 

Azərbaycan prezidenti İlham Əliyev, hökumət və dövlət rəsmiləri, eləcə də deputatların “Xocalı abidəsi”ni ziyarət etməsi gözlənilir. Həmçinin İctimaiyyət nümayəndələri, sadə vətəndaşlar, faciənin canlı şahidləri də bu gün Xocalı qurbanlarını yad edəcəklər. Bu gün habelə müxtəlif dövlət qurumları, həmçinin mədəniyyət ocaqlarında Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş tədbirlər keçiriləcək. Bundan başqa, dünyanın müxtəlif ölkələrində “Xocalıya ədalət” şüarı altında silsilə tədbirlərin keçirilməsi gözlənilir.

Karabakh Today

26.02.2018 09:30
Bölmə Tarix