• 12 oktyabr - qara günümüz

12 oktyabr mənə görə dünyadakı Azərbaycan türkləri üçün matəm günüdür. Bu gün qədim Azərbaycan torpaqlarının Ruslarla farslar arasında dədə malı kimi bölünməsindən 203 il ötür. 1813-cü il Gülüstan müqaviləsi ilə həyata keçirilən bu parçalanma belə görünür ki, nə Azərbaycanın şimalındakı on milyonu, nə də Cənubundakı 40 milyonu maraqlandırmır.

Sosial şəbəkələr və mətbuata baxdıqda bunu çox rahat görmək olur. İnsanımız onun üçün vacib olan günü deyil, Azərbaycana və türklərə aidiyyəti olmayan günləri yaşayır. Yazık millətim onu qardaşına, atasına həsrət buraxan lanetlik Gülüstan müqaviləsini xatırlamaz olur. Bizim kimi xatırlayanlara isə ya axmaq, ya da dinsiz olaraq baxırlar. Bu, əsrlərdir belə davam edib. Yəni insanımızın çoxu cahilliyi üstün tutub , bilgisiz kütlənin ərəb-farsın uydurduğu oyununa oynamağı üstün bilib. Amma etiraf edək ki, millətimin az da olsa, ziyalı insanları hər dövrdə olub, var və olacaq. 1813-cü ildən bu yana Rusiyanın və İranın işğalına məruz qalan Azərbaycanın Şimalı artıq müstəqildir.

Düzdür, bunu asan əldə etməmişik. 1918-ci ildə İslam və Türk dünyasında, o cümlədən əksər Avropa ölkələrindən öncə Azərbaycan Demokratik Respublikasını elan edib dünyaya nümunəvi bir dövlət göstərdik. Hətta Amerikadan belə əvvəl qadına seçki hüququ verdik. Lakin düşmənlərimiz bunu bizə çox görərək 1 il 11 aylıq müstəqilliyimizi əlimizdən aldı, Şimali Azərbaycanı yenidən işğal etdi. 110 ziyalımızı bir gecədə güllələdi. Lakin biz azadlığımızdan imtina etmədik. 1991-ci ildə minlərlə şəhidimin qanı üzərində yüksələrək yenidən müstəqilliyimizi elan etdik. Şimali Azərbaycandan danışarkən Cənubi Azərbaycanımdakı insanımın boş, mübarizəsiz durduğunu söyləyə bilmərəm. Hazırda İranın işğalında olan qədim Azərbaycan torpağının sakinləri də 1945-ci ildə mübarizəsinin bəhrəsini azadlıq şərbəti içərək gördü.

Təəssüf ki, 1918-ci ildə olduğu kimi, 1945-ci il müstəqilliyi də uzun çəkmədi. Verdiyimiz qurbanlara rəğmən Güney Azərbaycanımı farslar işğal etdi. Hələ də qədim Türk şəhəri Təbrizimdə İran rejiminin bayrağı dalğalanır. 10 milyon Azərbaycan Türkü müstəqilliyini elan etsə də, 40 milyon qan, can qardaşım öz ata yurdunda əsir kimidir. Hər şeyə rəğmen mən əsir xalqımın, işğalda olan yurdlarımın bir gün azad olunacağına əminəm.

Və kimsə unutmasın Güney Azərbaycanın azad olunması təkcə oradakı 40 milyon türkün deyil Əfqanıstan, İraq, Suriyada yaşayan bütün Türklərin azad olması deməkdir. Yəni Güney Azərbaycan Türkiyənin təhlükəsizliyinin qarantıdır. Turana gedən qapının açarıdır. Bunu düşmənlərimiz bizdən daha yaxşı bilir. Əgər belə olmasaydı, Amerika regionda erməniyə, kürdə deyil, 40 milyon torpaq və həqiqi haqq sahibi olan Türklərə yardım edərdi.

Unutmayın, neçə müddətdir bölgədə oynanan bütün oyunlar Türkləri yox etmək üçündür. Bizi dinlərə, məzhəblərə, təriqətlərə, camaatlara bölə-bölə bitirəcəklərini sananlar unudur ki, Türk millətinin ziyalıları olduqca, yaşadıqca bu oyun pozulacaq. Gün gələcək mənim Türk millətim 12 oktyabrları rəsmi matəm günü elan edib, Amerikan-Vatikan oyunu olan zəncirli matəmleri sadəcə gülümsəyərək xatırlayacaq. Ulu Türk millətinə onun olanlara sahiblənib, onun olmayan oyunlara sadəcə gülümsəməyi diləyirəm.

13.10.2016 09:04
Bölmə Tarix


Müəllif Nigar Börek/Karabakh Today