• “Görəsən, onlar Azərbaycan tarixini niyə təhqir edirlər?“ - Politoloq

"Şah İsmayil Xətainin təhqir olunmasından sonra indi də Nadir şahi təhqir ediblər"

PİA.AZ politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Məmmədovun yazısını təqdim edir:

 
"Təəssüflər olsun ki, tarixi kitablarımızı vərəqləyərkən, bəzən elə öz müəlliflərimiz tərəfindən dahi şəxsiyyətlərimizin təhqir olunmasının şahidi oluruq. Vaxti ikən Sovet təhsili görmüş, Azərbaycanın gerçək tarixindən xəbəri olmayan bu şəxslərin özlərindən azı yüz dəfə böyük olan şəxsiyyətlər haqqında söz demələrinə görəsən kim izin verir? 
 
Hər nə olurlar olsunlar, hətta tariximizdə çoxlu sayda səhvlər belə buraxsalar – onlar Azərbaycanın və Türk dünyasının böyük şəxsiyyətidirlər. Vaxtıyla az qala bütün qitəni zəbt etmiş dahilər haqqında rus – fars təfəkkürü ilə yaşayan şəxslərin yazdıqları kitabların gerçək səbəbləri nədir? Görəsən, onlar Azərbaycan tarixini, xalqımızın tanınmış dövlət xadimlərini niyə təhqir edirlər? 
 
Bu dəfə, bəzi tarixçilərimizin hədəfi NADİR ŞAHdır. 
 
2011-ci ildə prof. Firudin Əsədov (Nurullabəyli) ADİU-da Nadir şah Əfşarın tarixini təsvir edən kitab çap etdirmişdir (http://elibrary.bsu.az/yenii/iqtisadkitablar/46_nadir.pdf ) . Kitabın girişində görün nə yazır: 
 
"Tariximizin səhifələrində Nadirqulu (Nadir şah) hiyləgərliyi ilə Xorasanda ad qazanmış, quldurluqla məşğul olan vücud, 2-ci Şah Təhmasibə yol tapmış, onun hakimiyyətdən kənarlaşdırmaqla özünü şah elan etmişdi. O, şahlıq hakimiyyəti illərində Azərbaycanda talanlar etmiş, ermənilərin xeyrinə addımlar atmışdı. Nadir şahın Azərbaycandakı talanları həddindən artıq olmuşdu.".
 
Mətnboyu bütün səhifələrdə Nadir şah kimi dahi şəxsiyyət təhqir olunmuş, ona - "quldur", "soyğunçu", "kinli bir məxluq" kimi dilə gəlməyən sözlər deyilmişdir.Həmçinin müəllif yazır kı, «ölkədəki iqtisadi çətinliklər Nadir şahın halına təsir etmirdi. Onu yalnız yeni – yeni ölkələri işğal etmək, onların sərvətinə sahib olmaq düşündürürdü».  Müəllif  Nadir şahı fars adlandıraraq, bilərəkdən mənfur qonşularımızın apardıqları siyasəti davam etdirir. Həmçinin, müəllif mətnboyu tez - tez guya kı, Bakıxanova istinad edir.
 
 Çox yazıqlar olsun ki, imperializminin son iki əsrdə apardığı siyasət nəticəsində Türk tarixində Nadir şah Əfşar şəxsiyyətinə düşmən kimi baxılmışdır. Çünki, o, bir Türk idi, Azərbaycan türkü. 19-cu əsr Azərbaycan Türk tarixçisi Abbasqulu Ağa Bakıxanov Nadir şah Əfşarın soykötüyü ilə bağlı yazırdı:  “Moğol istilası dövründə, Azərbaycana gəlmiş olan türkmən əfşarlarından Qırxlı tayfası, Şah İsmayıl Səfəvinin zühurundan sonra, köçüb Əbivərd mülkündə, Gürgan çeşməsi ətrafında sakin olmuşdu. Bu tayfadan İmamqulu adlı bir nəfərin 1689-cu ildə Nadirqulu adlı bir oğlu oldu”. Müəllif isə, utanmadan Nadir şahı Xorasandan olan farskökənli bir “quldur “ kimi təqdim edir. 
 
Halbuki, Nadir şah nəinki Azərbaycanın, həmçinin bütün islam və türk dünyasının fatehi idi. O sünni və şiə məzhəbləri arasında ixtilaflara son verib böyük türk dövlətini qurmağı hədəfləyirdi. Nadir şahın Səfəvilərin taxtına qanuni olaraq oturmasını  Bakıxanovdan tutmuş bir çox digər tarixçilər  dəfələrlə təsdiq etmişlər. 19-cu əsrin Türk (Azərbaycan) tarixçiləri Nadir şahın Səfəvilərin taxtında oturmasını labüd və qanunauyğun hal kimi qələmə almışlar.
 
Bəlli olan odur ki, Nadir şahın qətli Azərbaycan torpaqlarının parçalanmasının başlanğıcı  oldu.
 
Görünən odur ki, müəllif Lokkart, Bakıxanov kimi şəxsiyyətlərin Nadir şah haqqında yazdıqlarını oxumamışdır.  Nadir şah haqqında yazılmış ən son əsərlərdən biri də akademik Ramiz Mehdiyevin “Nadir şah Əfşar, diplomatik yazışmalar” kitabıdır. Kitabda Nadir şahın Azərbaycan dövlətçiliyi uğrunda xidmətindən bəhs edilir.
 
Biz bir millət olaraq tariximizə və tarixi şəxsiyyətlərimizə hörmət etməyi bacarmalıyıq. Xatırlatmaq yerinə düşər ki, hər bir millətin tarixi onun keçmişi və gələcəyidir". 

15.10.2016 19:36
Bölmə Tarix


Müəllif Zaur Məmmədov