• Bura Azərbaycanın daş yaddaşıdır

Sıldırım qayalıqlar boyu uzanan mağaralar kompleksi babalarımızdan bizə qalan mirasdır

Qafqaz Albaniyası Azərbaycan tarixinin, daha geniş araşdırmalara ehtiyacı olan sirli səhifəsi olaraq qalır. Qədim mədəniyyətə və geniş ərazilərə malik bu dövlətlə bağlı tarixi abidələrə ölkəmizin bütün dağlıq və dağətəyi bölgələrində rast gəlmək mümkündür. 

Albaniyada dövlət dini xristianlıq olduğundan, abidələrin əksəriyyətini bu dinə aid məbədlər və kilsələr təşkil edir. Lakin çox təəssüf ki, erməni qriqoryan və gürcü pravoslav kilsələrindən fərqlənən alban həvari kilsələri, sonrakı dövrlərdə xristian qonşularımız tərəfindən özününküləşdirilməyə məruz qalıb. İslam dininin geniş yayıldığı Azərbaycanda, müsəlman əhalinin dağlıq ərazilərdə tikilmiş xristian məbədlərinə maraq göstərməsi onların işini daha da asanlaşdırıb.

Bütün orta əsrlər boyu hər iki qonşu kilsələrlə var olmaq mübarizəsi aparan alban kilsəsinin, 1836-cı ildə Çar Rusiyası tərəfindən ləğvindən sonra bu proses daha da sürətləndi. Nəticədə babalarımızdan bizə miras qalan alban məbədlərinin demək olar ki, hamısına müdaxilələr edildi, xaçları və kitabələri dəyişdirildi və bu da sonralar ölkəmizə qarşı ciddi ərazi iddialarına səbəb oldu.

Qədim Azərbaycanın daş yaddaşı

Belə abidələrin biri də Azərbaycanın Ağstafa rayonu ərazisində yerləşən "Keşikçidağ" mağaralar kompleksidir. Azərbaycanın daş yaddaşı hesab edilən "Keşikçidağ" mağara-məbədlər kompleksi Ağstafa rayonunun mərkəzindən 75 km məsafədə, Gürcüstanla sərhəd zolağı boyunca ucalan Qatardağ silsiləsində, Candar gölündən 15 km şimal-şərq istiqamətindən başlayaraq, dəniz səviyyəsindən 750-950 metr hündürlükdə, sıldırım qayalıqlar boyunca, üzü cənuba doğru 25 km-dək uzanır.

Ərazidə dövrümüzədək gəlib çatan 100-ə yaxın təbii və süni mağara, Qafqaz Albaniyasının yerli əhalisi tərəfindən ilkin orta əsrlərdə sıldırım dik qaya üzərində müdafiə məqsədilə inşa edilmiş, 11 metr hündürlüyündə üçmərtəbəli qala və üzü cənuba baxan, bir-birindən 1500 metr aralıda yerləşən, yerli daş materiallardan inşa olunmuş, V-VI əsrlərə aid iki alban məbədi mövcuddur. Buradakı təbii mağaraların yaşı 2 min il bundan əvvələ gedir. Süni mağaralar isə VIII-XV əsrlər aralığında yonularaq düzəldilib.

"Keşikçidağ" süni mağaralarının bir girişi və mazğal tipli pəncərələri var. Onlar, əsasən kvadrat formalı və tavanı kümbəz şəkillidir. Kiçik ölçülü yaşayış üçün oyulmuş mağaralarda iki yataq və bir ibadətgah yerləşir. Bəzi mağaraları isə bir-biri ilə gizli yollar birləşdirir.

Tarixin bərpasında ilk addımlar

"Keşikçidağ" mağaralar kompleksində araşdırmalar, yalnız müstəqillik illərində mümkün olub. Sovetlər dönəmində, 1948-ci ildən başlayaraq ərazidə təlim poliqonu yerləşib. Hərbi obyekt olması səbəbindən buralarda gəzmək belə, yasaq olub. Hətta bir neçə mağara artilleriya atəşi nəticəsində dağıntıya məruz qalıb. Lakin müstəqilliyimiz ilk illərindən başlayaraq əraziyə maraq artmağa başlayıb.

Prezident İlham Əliyev, 2005-ci ildə Azərbaycan-Gürcüstan dövlət sərhədlərinin mühafizəsi ilə şəxsən tanış olarkən bu əraziyə baş çəkib. 2007-ci ildə isə dövlət başçısının sərəncamı ilə mağaralar kompleksindəki mədəniyyət abidələrinin daha dərindən öyrənilməsi, qorunması və təbliği məqsədilə ərazi "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilib. Qoruq ərazisində olan ən hündür yüksəkliklərin biri ölkə prezidentinin şərəfinə "İlham Əliyev zirvəsi" adlandırılıb.

 Ərazi qoruq olduqdan sonra, əcdadlarımızdan bizə miras qalan abidələrlə maraqlanan vətəndaşlarımız üçün keçmişimizə açılan yolun təməli qoyuldu. İlk günlərdən qoruq rəhbərliyi tərəfindən elmi araşdırmaların aparılması üçün aidiyyəti qurumlara müraciətlər edilib. Ərazidə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu, həmçinin Memarlıq və İnşaat, Mədəniyyət və İncəsənət universitetlərinin əməkdaşları tərəfindən ekspedisiya işləri aparılmağa başlanıb.

Qoruğun direktoru Musa Mursaquliyev Sputnik-ə açıqlamasında, aparılan araşdırmaların bir daha "Keşikçidağ" mağaralar kompleksinin Qafqaz Albaniyasına məxsus olduğunu, gürcü pravoslavların buraya, yalnız XI-XII əsrlərdən başlayaraq gəldiklərinin bir daha sübut olunduğunu deyib. Bir çox mağaranın divarlarına çəkilən freskalara gəldikdə isə, M. Mursaquliyevin sözlərinə görə, bu şəkillər, yalnız XIX əsrdən başlayaraq çəkilib.

"Sonrakı dövrlərdə həmin şəkillərin üzərinə şirə çəkilib. Freskaların çəkiliş üslubu və işlədilən maddələr bunu deməyə əsas verir", — direktor vurğulayıb.

Bir daha qeyd edək ki, alban tarixinin əsaslı şəkildə araşdırılaraq üzə çıxarılması aidiyyəti qurumların, babalarımızın bizə miras qoyduğu abidələrin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi isə hər bir azərbaycanlının vətəndaşlıq borcudur.

 

14.12.2016 13:13
Bölmə Tarix