• Ermənistanda Naxçıvan daha populyardır, çünki… - Korpus komandiri

Sabiq ordu korpusu komandiri, ehtiyatda olan polkovnik Şair Ramaldanov teleqraf.com-un suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

– Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası hissəsində vəziyyət uzun müddət sabit olub. Sizcə, təcavüzkar tərəfin bu sabitliyi pozmasında başlıca məqsədi nədir?

– Bəli, sərhədin Naxçıvan hissəsi müəyyən dərəcədə sabitliyin hökm sürdüyü istiqamət kimi tanınırdı. Əvvəla, bu, dövlət sərhədidir. Yəni, Qarabağ bölgəsi, yaxud işğal olunmuş digər rayonlar deyil. İndiyədək bizim hamımızın diqqəti daha çox Qarabağ və digər işğal olunmuş rayonlara yönəlmişdi. Sözsüz ki, Naxçıvanın təhlükəsizliyinin təmin olunması üçün son illərdə çox mühüm işlər görülüb, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu yaradılıb. Ali Baş Komandan, Prezident İlham Əliyevin bu günlərdə Naxçıvana səfəri zamanı bildirdi ki, alınan müasir texnikanın demək olar, bütün növləri, yaxud əksər növləri Naxçıvana göndərilir.

Ali Baş Komandan onu da bildirdi ki, Naxçıvanın yerləşməsinə, coğrafi relyefinə uyğun şəkildə bütün müasir texnika göndərilir, bu gün Naxçıvan ordusu böyük qüvvəyə malikdir və düşmənin istənilən təxribatının qarşısını ala bilər. Eyni zamanda, uğurlu əks-hücum əməliyyatı keçirə bilər.

Bilirik ki, Ermənistanın yeni müdafiə və xarici işlər nazirləri – David Tonoyanın və Zoqrab Mnatsakanyanın Naxçıvanla sərhədə baş çəkməsindən sonra bu təxribat baş verib. Görünür, onlar Ali Baş Komandanın Naxçıvana səfərindən sonra əndişələniblər və bu təxribatı törədiblər.

Ancaq məlum təxribat bir günün içində yaranan niyyət deyil. Naxçıvanla bağlı onların niyyəti 100 il əvvəldən var. Düzdür, Naxçıvan istiqaməti qeyd etdiyim kimi sabit istiqamət idi. Ermənistanda yeni hakimiyyət formalaşandan, Paşinyan baş nazir olandan sonra Naxçıvan faktoruna prioritet istiqamət kimi baxmaq lazımdır.

– Ermənistan Müdafiə Nazirliyi nümayəndəsinin Azərbaycan-Ermənistan sərhədinin bəzi hissələrində Azərbaycan ordusunun öz mövqelərini yaxşılaşdırmaq üçün guya aktiv mühəndis işləri aparması barədə bəyanat yayıb. Sizcə, törədilən təxribatdan dərhal sonra belə bir bəyanatın yayılması nəyə xidmət edir?

– Sözsüz ki, Azərbaycan Müdafiə Nazirliyinin də bəyan etdiyi kimi bu, ilk növbədə Ermənistan silahlı qüvvələrinin Azərbaycan hərbçisinin öldürülməsi ilə nəticələnən təxribatına bəraət qazandırmaq və onu ört-basdır etmək məqsədi güdür. Təmas xəttində hərbi qulluqçuların fəaliyyətindən biri də mühəndis-istehkam işləri ilə bağlı olur. Çünki qışdan çıxmışıq, səngərləri, mövqeləri möhkəmləndirməyə zərurət duyulur. Ermənistanla sərhəddə, xüsusilə Naxçıvanla sərhəddə bu işlər aparıldığı zaman, üstəlik müdafiə naziri Tonoyanın orda olub təxribat xarakterli tapşırığı veriləndən sonra snayper tərəfindən izlənib və bizim əsgərimiz şəhid olub.

Ancaq bu insidentin arxasında başqa məqamlar dayanır. Mitinq yolu ilə küçədən hakimiyyətə gələn Paşinyanın populyarlığı sürətlə düşür. Ölkə əhalisinin sosial-iqtisadi problemlərinin həlli istiqamətində hələlik heç bir addım atılmayıb. Serj Sərkisyan klanının orda hakimiyyəti də yetərincə güclüdür. Daxildə müəyyən gizli və aşkar proseslər gedir. Bununla bağlı müəyyən məlumatlar da var.

Bu məlumatlar əsasında Ermənistanda gələcəkdə baş verə biləcək gərginliyə dair proqnozlar irəli sürmək mümkündür. Təbii ki, bu fonda daxili auditoriyanın, cəmiyyətin diqqətini müəyyən şəkildə yayındırmaq və guya Azərbaycandan, Naxçıvan bölgəsindən ola biləcək hansısa gərginliyə diqqəti yönəltmək üçün təxribat yolu tutdular.

– Ermənistan-Azərbaycan dövlət sərhədinin uzunluğu 1007 kilometrdir ki, bunu da cəmi 221 kilometri Naxçıvanın payına düşür. Bu baxımdan sərhəd xəttinin digər hissələrindən insidentin törədilməsi daha çox ehtimal edilən idi. Niyə məhz Naxçıvan?

– Çünki Qarabağ faktoru artıq Ermənistanın sağlam cəmiyyətini qıcıqlandırır. Onlar dəfələrlə keçmiş rəhbərlik qarşısında bu məsələni qaldırıblar. Deyiblər ki, Dağlıq Qarabağ bu günədək Ermənistana heç nə verməyib. Dağlıq Qarabağ Ermənistanın iqtisadiyyatını bu günkü çətin vəziyyətə salıb. İşğal olunmuş ərazini Ermənistan özü inkişaf etdirə bilmir, başqa heç kim də ora investisiya qoymur.

Dağlıq Qarabağı heç Ermənistan özü də tanıya bilmir. Dağlıq Qarabağ Ermənistana ancaq meyitlər verib, Ermənistanın pulunu silah-sursat almağa sovurur. Ermənistanın iqtisadiyyatını Rusiyanın təsiri altına daha çox salır. Ona görə ki, müəyyən kreditlə silah-sursat almağa məcbur olan Ermənistan istər-istəməz büdcənin müəyyən hissəsini bu istiqamətə yönəltməli olur. Bu da sosial problemlərin gərginləşməsinə, camaatın vəziyyətinin daha da ağırlaşmasına gətirib çıxarır.

Bu baxımdan Qarabağ cəbhəsində hər hansı təxribat bu gün Ermənsitan üçün populyar deyil. Bu saat Naxçıvan populyardır. Ona görə ki, Naxçıvan istiqamətində baş verən hansısa təxribat və ya Azərbaycanı o istiqamətdə hansısa addımlar atmağa məcbur etmək Ermənistan cəmiyyətinin diqqətini müəyyən formada əsas problemlərdən yayındıracaq. Yenə də Azərbaycandan olan təhlükə erməni cəmiyyətini toparlanmağa məcbur edəcək.

– Azərbaycan Naxçıvan istiqamətindən təcavüzkara cavab versə, bu, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı tərəfindən necə qarşılanacaq? Çünki Azərbaycanın cavab addımı Ermənistan ərazisini əhatə edəcək…

– KTMT faktoru dəfələrlə üzər çıxıb və bu gün həmin təşkilatın baş katibi də Ermənistan ordusunun general-polkovnikidir. Bilirsiniz ki, KTMT faktorundan istifadə Sərkisyanın hakimiyyətinin son dövrlərində vaxtaşırı səslənirdi. Ancaq onu da bilmək lazımdır ki, Ermənistan istisna olmaqla KTMT-nin digər bütün üzvləri ilə Azərbaycanla sıx əlaqələri var. Onlar bizim strateji tərəfdaşlarımızdır. Həmin ölkələrin dövlət başçıları ilə Prezident İlham Əliyev arasında çox səmimi münasibətlər var. KTMT-nin üzvləri bu məsələyə öz münasibətlərini bildiriblər və Qarabağ məsələsində hətta Azərbaycan öz torpaqlarını azad etməyə başlayacağı təqdirdə belə Ermənistana yardımçı olmayacaqlarını açıqlayıblar.

Ona görə də yeni hakimiyyətin diqqəti Qarabağda yox, Naxçıvana yönəlib. Azərbaycanı təxribata çəkmək, onun müəyyən adekvat addım atmasına nail olmaq istəyirlər. Azərbaycanın o ərazidə aktiv mühəndis işləri apardığını bildirirərək bundan bəhanə kimi istifadə etməyə çalışırlar. Bir daha deyirəm, qışdan çıxmış səngərlərdir, mühəndis-istehkam işləri həmişə aparılır, atış mövqeləri möhkəmləndirilir. Ancaq bütün bu işlər Azərbaycan ərazisində aparılır. Biz Ermənistanın ərazisinə keçmirik. Əgər orda hansısa möhkəmləndirmə işləri aparılırsa, bu, müdafiə xarakteri daşıyır və hücüm əməliyyatını düşünməyə əsas yoxdur.

Ancaq Ermənistan təxribatçı adımlarından əl çəkməsə Azərbaycan təbii ki, müəyyən addımlar atacaq. Naxçıvanla bağlı artıq müəyyən tapşırıqlar verilib. Mümkün təxribatların qarşısını almaq üçün tədbirlər görülüb və görülür.

– Demək, bu təxribatların ardının gələcəyi gözlənilir…

– Əlbəttə. Biz Ermənistandan hər an istənilən istiqamətdə istənilən təxribatı gözləməli və bunun qarşısnı almaq üçün lazımı tədbirlər görməliyik.

Ermənistanın rəhbərliyinə kim gəlir gəlsin, bu ölkənin siyasəti dəyişməzdir. Ermənistan siyasətinin dəyişməsi yalnız işğal olunmuş torpaqları azad etməyimizdən sonra mümkündür.

Karabakh Today

22.05.2018 13:40
Bölmə Müsahibə