• Xocalı faciəsini törədənlər qanun qarşısında cavab verməlidirlər

Xocalı faciəsini törədənlər qanun qarşısında cavab verməlidirlər.
 
Trend-in məlumatına görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı açıqlamasında bildirib.
 
B.Yıldırım bildirib ki, Xocalı qətliamından 26 il keçməsinə baxmayaraq, bu qanlı faciəni törədənlər hələ də qanun qarşısında cavab verməyiblər: "Ermənistanın işğalçı siyasəti bir milyondan çox dinc insanın öz evlərini tərk etməsinə səbəb olub. Türkiyə olaraq, qardaş Azərbaycanın torpaqlarının Ermənistan tərəfindən işğalını sərt bir şəkildə qınayırıq və hər zaman Azərbaycanın yanında olduğumuzu bir daha vurğulayırıq”.
 
Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı aktı həyata keçirib. Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 dinc sakin əsir götürülüb, onlardan 150-nin taleyi hələ də məlum deyil.
 
Karabakh Today

26.02.2018 11:37
Bölmə Siyasət