• Yaponiya növbəti nəsil avtomobillərin strategiyasını hazırlayacaq

Yaponiya elektromobillərin istehsalına keçidlə əlaqədar qlobal meyillər fonunda özünün növbəti nəsil avtomobillər strategiyasını hazırlayacaq. Azərtac NHK telekanalına istinadla xəbər verir ki, Yaponiya Sənaye Nazirliyinin nümayəndələri həmin strategiyanı cari ilin ortalarınadək hazırlamağı planlaşdırırlar. Sənədin elektromobillərə, hibrid modellərə və həmçinin yanacaq elementləri ilə işləyən avtomobillərə münasibətdə hərtərəfli siyasətin əsasını təşkil edəcəyi bildirilir.

Bununla əlaqədar sənaye naziri Hiroşiqe Sekonun apreldə xüsusi komitə yaradacağı gözlənilir. Həmin komitənin tərkibinə hökumət nümayəndələri, alimlər və avtomobil istehsalı üzrə aparıcı şirkətlərin rəhbərləri daxil olacaqlar.

Xatırladaq ki, Fransa və Böyük Britaniya 2040-cı ildə dizel və benzin yanacağı ilə işləyən yeni avtomobillərin satışını dayandırmağı planlaşdırır.

Reaksiya.az

01.03.2018 13:44
Bölmə Siyasət