• Ermənistan parlamenti "Qarabağ qəhrəmanı", deputat Qriqoryanın həbsinə icazə verdi

Yerevan Ümumi Yurisdiksiya Məhkəməsi Ermənistanın baş prokuroru Artak Davtyanın vəsatətini təmin edərək, Ermənistan Milli Məclisinin üzvü, general Manvel Qriqoryan barəsində üç aylıq həbs qətimkan tədbiri seçib.

Baş prokurorun vəsatəti əsasında, Ermənistan parlamenti Manvel Qriqoryana qarşı cinayət işini başlamaq və həbs tədbiri tətbiq etmək qərarını qəbul edib.

General-leytenant Manvel Qriqoryan şənbə günü Ermənistan Mili Təhlükəsizlik Xidməti (MTX) tərəfindən saxlanıb.

Bunun ardınca bəyanat yayan Ermənistan prezidenti Serj Sarkisyanın rəhbərlik etdiyi Ermənistan Respublikaçılar Partiyası (ERP) həbsi partiyanın "tanınmış xadimi"nin təqibi kimi qiymətləndirilib.

ERP parlament fraksiyasının üzvü Armen Aşotyan isə generalın işi ilə bağlı məsələnin "sırf hüquq səpkisində" olduğunu deyib.

O, qeyri-qanuni silah və döyüş sursatı əldə etmək, saxlamaq və dövlət mülkünü mənimsəməkdə şübhəli bilinir.

MTX-nin məlumatına görə, generala məxsus evlər və istirahət zonalarında "böyük miqdarda silah və sırf ordu üçün nəzərdə tutulan ərzaq, dava-dərman, hərbi geyim, həmçinin 30-dan çox yeni və köhnə model, o cümlədən, hərbi hissələr üçün nəzərdə tutulan avtomaşın aşkar edilib".

Qutuların içərisindən çıxarılan uşaq xətti ilə yazılmış məktublardan məlum olur ki, onların içindəki 2016-cı ildə məktəblilər tərəfindən "ön xətdə olan hərbçilər üçün" hazırlanmış humanitar yardımdır.

Burada çoxlu qatılaşdırılmış süd, makaron məmulatları, ət konservi, gigiyena ləvazimatları, mayka, corab və sairə aşkar edilib. Ət konservlərin üzərindəki yazılardan görünür ki, bunlar satış üçün deyil, sırf hərbçilər üçün istehsal olunub.

Artıq general Qriqoryan həbs olunduqdan sonra da Ermənistan polisinin məlumatına görə, Yerevanın Şenqavit qəsəbəsində 2980 banka ət konservi yüklənmiş "UAZ" və "Qaz" markalı iki avtomaşın saxlanıb.

Bankaların üzərində "Əsgər payı. Satış üçün nəzərdə tutulmur" yazıldığı qeyd olunur.

"Yerkrapah" könüllü döyüşçülər birliyinin üzvü olan sürücülərin dediyinə görə, "tuşonkanı (konservlənmiş pörtülmüş ət) "Yerkrapah" binasından maşınlara yükləyib çıxarmağa general Manvelin arvadı Nazik Amiryan sərəncam verib", polis məlumatında deyilir.

Karabakh Today

20.06.2018 17:33
Bölmə Siyasət