• Rusiyanın “NATO”-su Şərqə və Qərbə doğru genişlənir

Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatı (KTMT) vacib bir islahata hazırlaşır.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, yaxın vaxtlarda bu regional hərbi-siyasi blokun nəzdində tərəfdaşlıq və müşahidəçilik kimi institutlar yarana bilər.

“Kommersant” qəzetinin yazdığına görə, müşahidəçi statusunun alınması üçün Avropadan Serbiya, Orta Asiyadan Özbəkistan və Əfqanıstan maraq göstərir.

Xəbərdə blokun əsas rəqibi NATO-nun bu cür institutlar vasitəsilə dünyanın 40-dan çox ölkəsi, o cümlədən KTMT-yə daxil olan dövlətlərlə belə əməkdaşlıq etdiyi bildirilir.

Layihə ilə bağlı son qərarı KTMT-nin ali orqanı, üzv ölkələrin dövlət başçılarının daxil olduğu Kollektiv Təhlükəsizlik Şurası verməlidir.

Məlumata görə, təşkilatda müşahidəçi statusu almaq istəyi adı çəkilən ölkələrin özlərindən gəlib.

Burada Serbiyanın mövqeyi xüsusilə maraqlıdır. Qeyd olunur ki, Serbiya artıq KTMT-nin Parlament Assambleyasının müşahidəçisi statusuna malikdir. Belqradın Rusiyanın yaratdığı blokla bağlı rəsmi mövqeyi isə ölkənin müdafiə naziri Aleksandr Vulin tərəfindən dilə gətirilib. Onun sözlərinə görə, “Serbiyanın nə NATO, nə də KTMT-yə üzv olmaq fikri yoxdur. Lakin Serbiya KTMT və onun üzvləri ilə əməkdaşlığı dərinləşdirmək niyyətindədir”.

Son dövrlərdə bu əməkdaşlıq ciddi aktivlik qazanıb. Keçən ilin sentyabrında Serbiya hərbçiləri KTMT-nin Qazaxıstanda keçirilən “Sarsılmaz qardaşlıq-2017” adlanan hərbi təlimlərində iştirak ediblər. Bu il isə ölkə rəsmi şəkildə müşahidəçi statusunda “Yardım-2018”, “Sarsılmaz qardaşlıq-2018” təlimlərini izləyəcək. Qazaxıstanda keçiriləcək “Kobalt” adlı təlimlərdə isə Serbiyanın kəşfiyyat bölüyü də cəlb olunacaq.

Serbiya hakimyyətindən verilən məlumatlara görə, müşahidəçilik statusu əslində Belqradın maraqları üçün ən ideal variant sayılır. Bununla Serbiyanın daha öncələr bəyan etdiyi bitərəflik prinsipinə xələl gəlməmiş olur.

Belqrad Şimali Atlantika bloku ilə də yaxın zamanlarda 3 vacib anlaşmaya imza atıb.“Tərəfdaşlığın fərdi planı” (İPAP) adlanan sazişə əsasən NATO hərbçiləri Serbiya ərazisində diplomatik immunitet və hərəkət etmə azadlığı qazanıblar.
Xəbərdə KTMT-yə müşahidəçi kimi can atan ölkələrdən birinin Əfqanıstan olduğu deyilir. Əfqanıstan parlamentinin aşağı palatası artıq KTMT parlament assambleyasının üzvü sayılır.

Nəhayət, 3-cü ölkə olaraq Özbəkistanın adı çəkilir. Qeyd edək ki, rəsmi Daşkənd KTMT-dəki üzvlüyünü 2012-ci ildə dayandırıb. Lakin son dövrlərdə, Özbəkistanda iqtidarın da dəyişməsi ilə Rusiya ilə hərbi-texniki əməkdaşlıq güclənib. Buna rəğmən blokla tam və əhatəli tərəfdaşlığa Daşkəndin hələ tələsmədiyi bildirilir.

Karabakh Today

24.08.2018 15:55
Bölmə Siyasət