• AVROPA ORDUSU İDEYASINI ALMANİYA VƏ FRANSA DƏSTƏKLƏYİR

Fransa Prezidenti Emmanuel Makron Avropanın öz ordusunu yaratmalı olduğunu bəyan edib. ABŞ Prezidenti Tramp bu açıqlamaya mənfi yanaşıb. Rusiya Prezidenti Vladimir Putin isə indiki vəziyyətdə çoxqütblü dünya üçün AB ordusunun yaradılmasının müsbət hal olduğunu deyib. Almaniya kansleri Angela Merkel Fransa Prezidentinin Avropa ordusu ilə bağlı açıqlamasına dəstək olaraq bildirib ki, daha güclü Avropa üçün ortaq bir orduya ehtiyacımız var: "Ötən ildə baş verənlərə nəzər salsaq, görərik ki, önəmli olan Avropa ordusunun qurulması ilə bağlı çalışmalara başlanılmasıdır. Qurulacaq bu ordu NATO-ya qarşı olmayacaq”.
 
Avopanın ordusunun yaradılması məsələsi son zamanlar, xüsusən də ABŞ Prezidenti Donald Trampdan sonra tez-tez gündəmə gətirilir. Ekspertlərə görə, NATO-dan kənar xüsusi Avropa ordusunun formalaşması mümkündür. Ancaq indiki zamanda sadəcə hərbi alyansa dəstək xarakteri daşıyacaq belə bir ordunun formalaşması heç də zəruri hesab olunmur.
 
Makronun açıqlamasını "Şərq”ə dəyərləndirən politoloq Azər Rəşidoğlu bildirib ki, Avropa ABŞ-ın nəzarətindən çıxmaq istəyir: 
 
"Nəzərə alaq ki, Avropanın ABŞ-dan elə yüksək səviyyədə asılılığı yoxdur. Lakin iqtisadi, siyasi və hərbi baxımdan onlar biri-birinə bağlıdır. Bütün bu problemləri həll etmək üçün xeyli müddət keçməlidir. Bu məsələnin tez-tez qabardılmasında İranın, Rusiyanın və Çinin maraqları var. Bu ölkələr Avropanın ABŞ-dan uzaqlaşmasında maraqlıdır. Çünki Amerikasız Avropa zəifləyəcək. Bu da çox prinsipial məsələdir. Ona görə də ABŞ və Avropanın bir çox ölkələri bu asılılığın azalmasında maraqlı deyil. Digər tərəfdən, son 20 il ərzində bir sıra Avropa dövlətlərinin, xüsusən də Böyük Britaniyanın skeptik münasibəti üzündən bu proses tam həcmdə həyata keçirilmədi. 
 
Belə ki, 1989-cu ildən birgə fransız-alman kəşfiyyat briqadası fəaliyyət göstərir. Bu briqadaya növbə ilə Almaniya və Fransa generalları komandanlıq edir. 1995-ci ildən isə 12 ölkənin hərbi qulluqçularından ibarət 1-ci Almaniya-Niderland korpusu fəaliyyətdədir. 
 
Özü də hazırda hər iki hissə NATO-nun strukturuna daxildir. Aİ-nin ayrı-ayrı dövlətlərinin silahlı birləşmələri dövri olaraq NATO-nun Afrika və Asiyanın bir sıra ölkələrində keçirdiyi müxtəlif sülhyaratma əməliyyatlarında iştirak edir. Lakin Ukraynadakı son hadisələr Şərqi Avropada hərbi-siyasi vəziyyəti xeyli kəskinləşdirdi və Avropa İttifaqında ciddi narahatlığa səbəb oldu. Avropa təhlükəsizlik sistemini təhdid edən real "ümumavropa yanğını" təhlükəsi yarandı. Mükəmməl ümumavropa ordusunun yaradılması ideyasını da elə məhz bu amil aktuallaşdırdı”.
 
A.Rəşidoğlunun sözlərinə görə, Avropa İttifaqının özündə daxili siyasi və iqtisadi birlik getdikcə zəifləməkdədir. Bu da ilk növbədə bir sıra qitə ölkələrinin Avropa İttifaqının Rusiyaya qarşı yeritdiyi sanksiyalar siyasətinə münasibəti ilə bağlıdır: 
 
"Belə bir şəraitdə Aİ-nin rəhbərliyi Avropada mühüm təsir rıçaqlarını, o cümlədən hərbi-siyasi rıçaqlarını mərkəzləşdirməklə bu təşkilatı möhkəmləndirməyə cəhd göstərir. Avropa ordusu ideyasını Almaniya və Fransa dəstəkləyir. Lakin Avropa ordusu formalaşdırmaq qabiliyyətində olan dövlətlər elə də çox deyil. Bu baxımdan ideyanı həyata keçirtməyə xeyli zaman lazım olacaq”.
Karabakh Today

15.11.2018 15:16
Bölmə Siyasət