• Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

Azərbaycanın dövlət bayrağı 102 il əvvəl – 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib.

Azərbaycanda Dövlət Bayrağı Gününün qeyd olunmasına başlanılmasından 11 il keçir.

Karabakh.Today xəbər verir ki, 2009-cu il noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” sərəncama əsasən, hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü qeyd olunur.

Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Bayraq eyni ölçüdə olan üç üfüqi rəngli zolaqlardan ibarətdir: yuxarıda mavi, ortada qırmızı, aşağıda yaşıl zolaq. Qırmızı zolağın mərkəzində ağ rəngdə aypara və səkkizguşəli ulduz təsvir olunub.

Bayrağın mavi rəngi türkçülüyü, qırmızı – müasir cəmiyyəti, demokratiyanı, yaşıl rəng isə islamçılığı tərənnüm edir.

28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və sovet hakimiyyətinin qurulmasından sonra üçrəngli bayraqdan imtina edilmişdir.

Bu bayraq növbəti dəfə 17 noyabr 1990-cı ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı əsasında Muxtar Respublikanın Dövlət bayrağı kimi qəbul edilib. Həmin vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət də qaldırıb. Müstəqillik qazanılandan sonra, 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan MR Ali Məclisinin vəsatətinə baxıb və üçrəngli bayrağın Azərbaycanın Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul edib.

2009-cu ilin noyabrında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə edilən əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.

Bu gün bütün ölkə Azərbaycan bayrağına bürünmüşdür. Artıq bayrağımız işğaldan azad olunmuş yaşayış məntəqələrimizdə qaldırılmışdır. Bayraq Günü ərəfəsində – noyabrın 8-də Qarabağımızın tacı olan Şuşa işğaldan azad olmuşdur. İndi Şuşada şanlı bayrağımız dalğalanır!

 

 

09.11.2020 10:12
Bölmə Siyasət


Mənbə Karabakh.Today