• “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılmasının 5 illiyinə həsr olunmuş tədbir keçirilib. - FOTOLAR

Karabakh Today xəbər verir ki, iyulun 13-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılmasının 5 illiyinə həsr olunmuş tədbir keçirilib.

Azərbaycanın dövlət himni səsləndirildikdən sonra Cəmiyyətin beş illik fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub.

“Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin sədri Şahvələd Əliyev mərasimdə çıxış edərək yubiley münasibətilə kollektivə təbriklərini çatdırıb. Bildirib ki, qurum hərbi vətənpərvərliyin təbliği işində kütləvi informasiya vasitələri ilə əməkdaşlığa böyük önəm verir.O, ölkəmizdə hərbi vətənpərvərlik ruhunun təbliğində, eləcə də MMC-nin təşkil etdiyi tədbirlərin işıqlandırılmasında yüksək fəallıq göstərən media qurumlarına minnətdarlığını bildirib.

Sonra hərbi vətənpərvərlik mövzusunu ən çox işıqlandıran media qurumları mükafatlandırılıb.

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) “Hərbi vətənpərvərlik mövzusunu ən çox işıqlandıran xəbər agentliyi” nominasiyasında qalib elan olunub, diplom və xüsusi mükafatla təltif edilib.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, “Xalq qəzeti” və “AzeriDefence” saytı da müvafiq diplomlar və mükafatlarla təltif olunub.

Bununla yanaşı, yeniyetmə və gənclər arasında yaradıcılığı və hərbi vətənpərvərliyi təbliğ etmək, eləcə də ictimaiyyətin diqqətini “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin beş illik fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlərə yönəltmək məqsədilə elan olunmuş “Ən yaxşı hərbi vətənpərvərlik simvolikası” və “Ən yaxşı hərbi vətənpərvərlik şüarı” nominasiyalarında qalib gələn şəxslər də mükafatlandırılıb.

Eyni zamanda, vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsinin təbliğində və çağırış yaşlı gənclərin xüsusi hərbi ixtisaslar üzrə hərbi xidmətə hazırlanması işinin təşkilində Cəmiyyətin fərqlənən əməkdaşları fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunub.

Sonda Şahvələd Əliyev “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin yaradılmasının əhəmiyyətini bir daha diqqətə çatdıraraq, kollektivin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bu qurumun qarşısında qoyduğu vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi üçün bütün səylərini səfərbər edəcəyini əminliklə bildirib.

Yubiley tədbirinə musiqili proqramla yekun vurulub.

Qeyd edək ki, “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində yaradılıb.

Karabah Today

1

1

13.07.2017 17:18
Bölmə Cəmiyyət