• Milanda italyan müəllifin Xocalı faciəsindən bəhs edən kitabının təqdimatı keçirilib

Milanda italyan müəllifin Xocalı faciəsindən bəhs edən kitabının təqdimatı keçirilib. İtaliyanın Milan şəhərində şairə Maddalena Capalbinin Xocalı faciəsindən bəhs edən "Günahsız" adlı şeirlər toplusunun təqdimatı olub. Karabakh Today-in verdiyi məlumata görə, təqdimat Milan Bələdiyyəsinin hər ay  təşkil etdiyi "Milan  poesiya ilə qovuşdu" layhəsi çərçivəsində baş tutub. Layihənin məqsədi insanları poeziyaya daha da yaxınlaşdırmaq, poetik dillə həm bədii, həm də sosial mesajlar verməkdir.

Palazzo Marino Milan administrasiyası binasında keçirilən M.Capalbi ilə görüşdə şəhər bələdiyyəsinin rəhbərliyi, yazıçı  və şairlər, jurnalistlər, Güzeppe Verdi adına Milan Dövlət  Konservatoriyasının professor və  tələbə heyəti, musiqiçilər və digər sənətlərin təmsilçiləri, iş adamları və təşkilat rəhbərləri  iştirak edib. Tədbirdə rejissorluğu və aparıcılığı Milan Konservatoriyasının professoru, bəstəkar-şair Azərbaycan Yazıçılar İttifaqinin üzvü Davide Gualtieri edib.

Gənc yaşlarından poeziya həvəs göstərən M.Capalbi uzun illər Milanın Respublika Prokurorluğunda kansler vəzifəsində çalışsa da, yaradıcılığını davam etdirir və hər il poetik antalogiyalarla çıxış edir. Bu fəaliyyətinə görə  şairə   2015-ci ildə "Qızıl Ambrogino" mükafatına layiq görülüb. O, şeirlərində əsasən zülmlərə məruz qalan günahsız uşaqlar və qadınlar haqqında danışır. Müqəddəs qadınları təhqir olunmuş göstərir və qadın obrazını önə çəkir. Qədim vaxtlarda oldugu kimi bu gün də qadınların zorakılığa məruz qaldığını təəssüflə bildirən şairə bütün təbəqələrdən olan və iztirab çəkən, günahsız, əzablara düçar olmuş qadınları cəsarətlə təsvir edib. Onun fikrincə qan, təcavüz içində yaşayan balaca uşaqlar buna öyrəşərək hətta gülə bilir, həyatın belə olduguna da inanırlar. Onlarda qorxu, həyəcan o qədər güclü olur ki, azadlıq veriləndə belə onları əsil insan həyatına qaytarmaq çətin olur. Bu anlar onların ömürlük yaddaşlarına həkk olur.

Tədbirin aparıcısı D.Gualtieri bildirib ki, M.Capalbinin qadın və uşaqzorakılığından bəhs edən şeirləri əslində ermənilərin Azərbaycanda dinc əhaliyə qarşı törətdiyi amansız qəddarlıqların təsviridir. O, iştirakçılara Xocalıda öz doğma torpaqlarında şəhid olmuş, ata-baba yurdundan didərgin duşmüşlərin agrısı haqqında məlumat verib. D.Gualtieri həmçinin qeyd edib ki, günahkar təkcə faciəni törədənlər deyil, həm də bu faciəni görüb susanlardır.

Şairə M.Capalbi də bu faciədən ermənilərin azərbaycanlıların başına gətirdiyi müsibətlərdən yaxşı xəbərdar olduğunu deyib. Azərbaycanı yaxşı tanıdığını vurğulayan şairə ölkəmizin dostu olaraq İtaliyada “Azəri” Azərbaycan Mədəniyyət Assosiasiyasının Milanda təşkil etdiyi Xocalı soyqırımına həsr edilən tədbirlərdə iştirak edərək bizi hər zaman dəstəklədiyini bildirib. O, azərbaycanlı şair və yazıçılarla dostluq münasibətlərindən də bəhs edib.

 Görüşdə M.Capalbinin həyat və yaradıcılıgından bəhc olunub, şerlərindən parçalar səsləndirilib, bəzi şeirlər isə mahnı, musiqi və rəqslərlə teatrlaşdırılmış şəkildə tamaşaçılara təqdim olunub. Tədbirin bədii hissəsinin yaradıcı heyətində xoreograf, İtaliyada Azərbaycan Mədəniyyəti Assosiasiyasının prezidenti Mais Nuriyev də olub.

 Gülnaz Qənbərli

Karabakh Today

14.02.2018 18:44
Bölmə Cəmiyyət