• Ərdəbildə Xocalıya həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Ərdəbil Universiteti ilə İşğala və Terrora qarşı Beynəlxalq Forumun birgə təşkilatçılığı ilə fevralın 27-də Ərdəbil şəhərində Xocalı soyqırımının növbəti ildönümünə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək. Konfransda İranla yanaşı, Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan və digər ölkələrdən nümayəndələrin iştirakı nəzərdə tutulur. Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri, İşğala və Terrora qarşı Beynəlxalq Forumun Azərbaycan təmsilçiliyinin rəhbəri Akif Nağı Karabakh Today-ə açıqlamasında bildirib: “İranda Xocalı soyqırımı, ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tədbirlərin keçirilməsi, obyektiv informasiyanın çatdırılması vacibdir. Biz İran ictimaiyyətinin, konfransda iştirak edəcək digər ölkələrin nümayəndələrinin bu istiqamətdə məlumatlandırılmasına çalışacağıq. Eyni zamanda orada İşğala və Terrora qarşı Beynəlxalq Forumun 4-cü toplantısının da keçirilməsi nəzərdə tutulur. Xatırladaq ki, Beynəlxalq Forumun ilk, təsis toplantısı 2015-ci ilin dekabrında Bakıda, 2-ci toplantı Türkiyənin İzmir şəhərində, 3-cü toplantı isə Gəncədə keçirilib.”

Karabakh Today

23.02.2018 21:47
Bölmə Cəmiyyət