• Türkiyə ilə əlaqələrin pozulması üçün iş görürlər – Səfir

Bu gün Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü və Azərbaycan milli mətbuatının yaranmasının 143 illiyi münasibətilə Türkiyə Səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyinin dəstəyi, Anadolu Yayımçılar Dərnəyi, “Yeni Çağ” Media Qrupu, Azərbaycan Türkiyə Evi, İƏT-ə Üzv Dövlətlərin Jurnalistlər Assosasiyası, Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Bakıda Beynəlxaq Media Forumu öz işinə başlayıb.

Karabakh.Today xəbər verir ki, "Qafqaz Bakı” hotelində keçirilən tədbirə Türkiyə, Avropa və Azərbaycanın millət vəkilləri, jurnalistlər, köşə yazarları və QHT sədrləri iştirak edir. Türkiyədən 40 nüfuzlu televiziya, qəzet və internet media təmsilçisi də bu Forumda iştirak üçün paytaxtımıza gəliblər.

Ötən gün forumun iştirakçı heyətini Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Əli Həsənov qəbul edib.

Azərbaycan Respublikası Prezident Adminstrasiyasının səlahiyyətli nümayəndəsinin, Türkiyənin ölkəmizdəki səfiri Ərkan Özoralın, Mətbuat Şurasının sədri Əflatun Amaşovun, Avrasiya Jurnalistlər

Dərnəyinin qurucu sədri Murad Palavar və digər nüfuzlu qonaqların açılışında iştirak edəcəyi Beynəlxalq Media Forumunda Türkiyə-Azərbaycan strateji əməkdaşlığının media sferası barədə də geniş müzakirələr aparılacaq.

Beynəlxalq Media Forumunun panellərində “Axşam” qəzetindən Emin Bazarcı, “Kanal 7″dən Məhmət Acet, İbrahim Ərdoğan, “İnternet Xəbər”dən Hadi Özişıq, “Hürriyət” qəzetindən Dəniz Zeyrək, “Akit” qəzetindən Hacı Yakışıklı, “Ölkə TV”dən Həsən Öztürk, “Kanal 24″dən Məlik İgidəl, “Milad” qəzetindən Bayram Zilan, Makedoniyadan Seyhan Yakupi və Azərbaycandan millət vəkili Hikmət Babaoğlu ilə araşdırmaçı-yazar Aqil Ələsgər çıxış edəcəklər.

Qeyd edək ki, Beynəlxalq Media Forumunun Azərbaycan proqramı 20-22 iyul tarixlərini əhatə edəcək.

***

Forumun təşkilatçılarından olan, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər çıxış edərək tədbirin keçirilməsində əsas məqsədindən danışıb:

"Azərbaycan və Türkiyə mediası arasında inteqrasiyanın gücləndirilməsi istiqamətində silsilə tədbirlər keçirilir. "Anadolu” Yayınçılar Dərnəyi ilə “Yeni Çağ” Media Qrupunun birgə təşkilatçılığı ilə baş tutan bu Forum sayca üçüncü dəfədir, təşkil olunur. Forumun təşkilində əsas məqsəd qardaş iki ölkənin mediası arasında əlaqələrin daha da gücləndirilməsi, inteqrasiyanın mümkün qədər sürətləndirilməsidir.

Biz Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyəsinə uyğun olaraq, xarici ölkələrin media quruluşları ilə əlaqələrin gücləndirilməsi istiqamətində bir sıra tədbirlər görürük. Bu Forum da həmin tövsiyədən irəli gələn tədbirlərimizdəndir.

Tədbirdə Azərbaycan və Türkiyə mediasının durumu, əməkdaşlıq imkanlarından səmərəli istifadə olunması kimi məsələlər müzakirə ediləcək. Bundan başqa, bu günlərdə iki il əvvəl baş vermiş FETÖ-nun çevriliş cəhdi və bundan sonrakı gəlişmələrə də toxunulacaq. İnanıram ki, tədbirin məqsədlərinə tam nail olunacaq”.

***

Türkiyə səfiri Ərkan Özoral Türkiyə və Azərbaycan arasındakı münasibətlərin tarixinə nəzər salaraq iki dövlətin ayrılmaz olduğunu deyib:

"İki qardaş ölkəni tarix boyu ayırmağa çalışan qüvvələr olub və olacaq. Biz hər zaman baş verən hadisələrdə bir-birimizin yanında olmuşuq. Keçmişdə iki ölkənin də başına gələn hadisələr bizim aramıza nifaq salmağa yönəlsə də əksinə olaraq iki ölkə arasınakı münasibətləri qüvvətləndirib. Cəmiyət bu günün həqiqətlərini 20 il əvvəl də görürdü. İnternet mediasının inkişafı hər iki ölkədə baş verən hadisələri tez bir zamanda digər ölkəyə çatdırır. Bu, daha rahat informasiya mübadiləsinə xidmət edir. Bu istiqamətdə strateji addımların atılmasının vacibliyini 15 iyul hadisələrindən sonra başa düşdük. O hadisələrdən sonra Türkiyə daha çox milli addımlar atmağa başlayıb. Biz artıq Azərbaycanla bir-birinə qaynayıb qarışımış, həqiqətən də iki dövlət bir millət cümləsinin haqqını veririk. Vətənin bütövlüyünün qorunması uğrunda hər kəs həyatını fəda verməyə hazırdır. Millət dövlət varsa var olar. Millət dövlətə, dövlət də millətə xidmət edir. Millətlər heç vaxt öz dövlətinə qarşı hazırlanan təxribatlara dəstək verməz. Azərbaycanda yaşanan son hadisələrdə xalqın dövlət ətrafında birləşməsini alqışlayıram. Həmin hadisələrdə vəfat edən iki polis qardaşlarımıza da Allahdan rəhmət diləyirəm. Ötən dəfə Azərbaycan mediasından Türkiyəyə, Türkiyədən də bura gələn media mənsublarına təşəkkür edirəm. Hər zaman demişəm, Türkiyə mediası hər zaman hər yerdə Azərbaycan-Türkiyə münasibətlərinin nə qədər güclü olmasından danışsınlar. Bu bizim düşmənlərimizin mübarizə ruhunu azaldır. Çünki onlar durmadan Türkiyə-Azərbaycan arasındakı münasibətlərin pozulması üçün çoxsaylı işlər görürlər. Mən ümid edirəm ki, necə ki bu günə qədər etdikləri nəticəsiz qalıb, bu gündən sonra da Azərbaycan-Türkiyə münasibətlərini pozmağa kimsənin gücü çatmayacaq".

Karabakh Today

21.07.2018 12:20
Bölmə Cəmiyyət