• “Momo”, kiber təqib, “ölüm qrupları ” – bunlardan kim yazmalıdır?

Yeni texnologiyalar – yaxşıdır yoxsa pis? 
 
 Moderator.az - da gedən iki yazımda sosial medianın “copy-paste jurnalistlər”-i barədə bəzi tənqidi qeydlərim var idi. Amma bu o demək deyil ki, mən sosial şəbəkələr barədə mənfi fikirdəyəm.
Bu gün texnologiyalar işimizi asanladıb, amma eyni zamanda yeni problemlər də yaradıb. Artıq informasiya üçün uzağa getməyə lüzum yoxdur. İnformasiya sözün həqiqi mənasında ovcumuzun içindədir – mobil telefonun bir-iki düyməsi bunun üçün bəs edir. 
 
İnternetin inkişafı, saytlar, şəxsi bloqlar, forumlar, facebook və digər sosial şəbəkələr vasitəsi ilə informasiyalara giriş daha asan olub. 
 
Özlüyündə yeni texnologiyalar pis, yaxud yaxşı deyil, bu onların kimin əlində olmasından asılıdır.
Təəssüf ki, yeni texnologiyalardan tək sosial mediada deyil, həm də kütləvi informasiya vasitələrində də bəzən qeyri-peşəkarcasına istifadə edilir. 
 
Bəlkə də xəbərçiliyin müəyyən sahəsində buna göz yummaq olar. Amma söhbət insan taleyindən gedirsə?
 
Mənim fikrimcə insan taleyi, xüsusilə də özünə qəsdlə bağlı xəbərlərin hazırlanması və paylaşması ilə “qırmızı xəttin ” haradan keçdiyini bilən və bunun məsuliyyətini hiss edən peşəkarlar məşğul olmalıdır.
Özünə qəsd dedikdə yalnız intiharları nəzərdə tutmuram. Narkotiklər, kriminal hadisələr, fahişəlik, ailə faciələri – bunların hamısı tədricən baş verən fiziki yaxud mənəvi intiharlardır.  
 
20 faiz nə vaxtsa bu barədə fikirləşib
 
Nəzərə alsaq ki, bu gün sosial-media istifadəçilərinin əksər hissəsi yeniyetmə və gənclərdir, “qırmızı xətti”  tapdamamaq xüsusi önəm daşıyır. Niyəsini isə dünya çoxdan araşdırıb. 
 
Məsələn, uzun müddət uşaq psixologiyası ilə məşğul olmuş Kolumbiya Universitetinin professoru Devid Şafferin (David Shaffer) sözlərinə görə, gənclərin emosiyaları böyük tezliklə dəyişir – güclü qəzəb yerini ani olaraq qorxuya verə bilər, yaxud əksinə.
 
Hər hansı qərarı (təəssüf ki, buraya yuxarıda qeyd etdiklərimiz də aiddir) onlar çox qısa zaman kəsiyində impulsiv olaraq verirlər. 
 
Onun dediklərinə görə yeniyetmələrin 20 faizi nə vaxtsa özünə qəsd etmək barədə fikirləşib! Xoşbəxtlikdən hamısı fikirləşdiyini icra etmir.
 
Özünün kifayət qədər həyati təcrübəsi olmadığından təqlid üçün nümunə axtaran yeniyetmə, öz qərarlarının düzgünlüyünə qətiyyətlə əmin olmaq istəyir. 
 
Belə qeyri-sağlam qətiyyətli yeniyetməyə düşündüyünün icrası üçün təkcə bir təkan bəs edir. Belə güclü təkanlardan biri də məhz KİV-də gedən xəbərlərdir. 
 
Bu gün təqlid üçün yeniyetməyə daha çox nümunəni isə sosial-media təqdim edir, əksəriyyəti də pis nümunə. “Copy-paste jurnalistlər” deyə bilərlərmi  onların tirajladığı paylaşımalar istifadəçi yeniyetməyə hansı anda çatacaq? Onun həmin anda psixoloji durumu necə olacaq?
 
Peşəkarlara yol verək
 
Başqa bir misal isə insan psixologiyasını bilmədən hazırlanmış reklam roliki barədədir.
 
1980-cı illərdə Amerikada məktəblərdə narkotik istifadəsini azaltmaq məqsədi ilə “Sadəcə yox de!” adlı kampaniya keçirilir. Kampaniya çərçivəsində televiziya vasitəsi ilə yayılan reklam roliki də çəkilir. Amma sonrakı araşdırmalardan  göstərir ki, bunun əks təsiri olub - reklama baxanlar arasında narkotikə maraq çoxalıb. Səbəbi isə sadədir.
 
Bir anlığa təsəvvür edin ki, uşaqsınız, narkotiklər barədə məlumatınız yoxdur və oturub evdə televizora baxırsınız. Birdən ekranda narkotik barədə danışmağa başlayırlar, ondan istifadə edənlərin sayının çoxaldığını (diqqət edin: sayının çoxaldığı) deyirlər və bildirirlər ki, yuxarı yaşlı məktəb yoldaşları sənə təklif etsələr, sadəcə “yox” de. 
 
Uşaq isə həmişə böyüklər kimi olmaq istəyir (“axı o, uşaq deyil !”), həm də, “əgər istifadə edənlərin sayı çoxalırsa, bu maraqlı olmalıdır ”.
 
Hələ bunlar aysberqin görünən tərəfləridir. Bizim cəmiyyət, ailələr Internet aşılılığın doğurduğu fəsadlara, kiber intihar, kiber təqib, qrup halında onlayn intiharlara (“ölüm qrupları”), “mavi balina”, “Momo” kimi oyunlara nə qədər hazırdır? Hazırdımı?
 
Əlbəttə, mən bunları sadalamaq, kimlərinsə diqqət mərkəzinə gətirmək istəməzdim. Amma dünya çox kiçilib. Artıq təhlükə evimizin astanasındadır.
 
Psixoloji cəhətdən hazırlıqlı saydığım bir yeniyetmə gecə yarısı, təxminən saat 4 radələrində oyunların birindən gələn zəngdən necə həyəcanlandığı mənə danışmışdı. Dərhal da oyunu telefonundan  silmişdir. 
Amma kiməsə maraq güc gələrsə? Bu marağın sonunu kimsə öncədən görə bilərmi? 
 
Gəlin öncəgörmələrlə məşğul olmayaq. Belə xəbərləri məsuliyyətini peşəkarlara həvalə edək. Bizlər, bu sahədə peşəkar olmayanlar, sadəcə geri çəkilək. Gələcəyimizin, övladlarımızın xətri üçün.
 
Cəmil Əsədov
Karabakh Today

24.08.2018 16:11
Bölmə Cəmiyyət