• Azərbaycanda müqəddəs Qurban bayramı qeyd edilir

Qurban bayramı İslam aləmində ən müqəddəs bayramlardan biri sayılır. Bu bayram hər il Hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır.

Qeyd edək ki, builki Qurban bayramı dünyada davam edən pandemiya şəraitində qarşılanır. Uca Allahın yaratdığı insan həyatının qorunması məqsədilə ibadət məkanları müvəqqəti bağlıdır. Həcc ziyarətinin belə təxirə salındığı bir dövrdə bayram namazlarının ailə daxilində qılınması məqbuldur. Eləcə də bayramın keçirilməsi, qurbanlıq heyvanların satışı, kəsimi və s. fəaliyyətlər real şərait nəzərə alınmaqla xüsusi yanaşma tələb edir. Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq qurbanlıq heyvanların onlayn satış yarmarkalarından alınması üçün müvafiq şərit yaradılmış, bəllı kəsim yerləri ayrılmışdır.

Xatırladaq ki, dini qurban kəsmə mərasimi İslamdan da əvvəl olub, lakin o vaxtlar günahdan təmizlənmək, qəzəblənmiş Allahın könlünü almaq və sair nəzərdə tutulub. Hicrinin (Məhəmməd Peyğəmbərin Məkkədən Mədinəyə köçməsi) ikinci ilindən sonra dini qurban kəsmənin İslam aləmində başqa məqsədləri və səbəbləri yaranıb. Belə ki, dini qurban kəsmə İslam aləmində böyük ruh yüksəkliyi, dindarlıq, xeyriyyəçilik, başqalarına kömək etmək kimi əlamətlərə yiyələnib. Bu, İbrahim Peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranıb. Əhvalata görə, yuxuda Allah İbrahim peyğəmbərə oğlu İsmayılı qurban verməyi (onların Allaha imanını yoxlamaq üçün) əmr edir. Bu haqda “Quran”da yazılıb. Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim peyğəmbər oğlu İsmayılı qurban kəsməyə hazırlaşır, İsmayıl özü də qurban olmağa razılaşır. Lakin Allah bunu öz elçisinə rəva bilməyərək ona bir qoç göndərir. Buna görə Qurban bayramında kəsilən qurbana “İsmayıl qurbanı” da deyirlər.

Qurban bayramı bütün müsəlman ölkələrində qeyd olunur. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” qanuna əsasən, Qurban bayramı dövlət səviyyəsində qeyd olunur. Hər il bu bayramda aztəminatlı ailələrə, məcburi köçkünlərə, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara, şəhid ailələrinə qurbanlıq əti və ərzaq məhsullarından ibarət bayram sovqatı paylanılır. Bu əziz gündə şəhidlərimizin xatirəsi yad edilir, Allah-Təaladan torpaqlarımızın işğalçılardan təmizlənməsi, qaçqın və məcburi köçkünlərə isə bu mübarək bayramı doğma yurdlarında keçirməsi arzulanır.

Bu ilki Qurban bayramı həmçinin onunla daha əlamətdardır ki, 30 ilə yaxın bir müddətdən sonra ilk dəfə Ermənistanın işğalı altında olan torpaqlarımızın müzəffər ordumuz tərəfindən azad olunduğu bi vaxtda qeyd olunur.

“Karabakh.Today” ailəsi olaraq həmvətənlərimizi, bütün dünya müsəlmanlarını təbrik edir, onlara Allahdan ruzi-bərəkət, can sağlığı, əmin-amanlıq şəraitində firəvan həyat arzulayırıq!

 

20.07.2021 11:34
Bölmə Cəmiyyət


Mənbə Karabakh.Today